"Qarabağ"la cavab matçının ilk hissəsində mövsümün ən zəif "Bayer"ini gördüm" - YAROLİM
"Qarabağ"la cavab matçının ilk hissəsində mövsümün ən zəif "Bayer"ini gördüm. Lakin onlar əla geridönüşlə qalib gəldilər. Bu, Leverkuze klubunun gücünü göstərir".
Mediasport.az xəbər verir ki, bu fikirləri Çexiya milli komandasının keçmiş futbolçusu David Yarolim səsləndirib.
Almaniya Bundesliqasında "Hamburq"dakı (2003-2012) çıxışları ilə məşhurlaşmış veteran yarımmüdafiəçi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində Almaniyada baş tutmuş "Bayer" - "Qarabağ" matçı barədə düşüncələrini bölüşüb:
"Komanda ideal geridönüş etdi. Bundan sonra 3 cəbhədə necə mübarizə aparacaqları maraqlıdır. Almaniya Bundesliqasında çoxdan gözlənilən çempionluqla yanaşı, Almaniya Kuboku və Avropa Liqasında çıxışlarını səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Ağdam klubunu mübarizədən kənarlaşdıran "Bayer" bu mövsüm 38 oyundur məğlub olmur.
Şabi Alonsonun komandası ölkə çempionatının qızıl medalları uğrunda əsas mübarizədə "Bavariya"nı 10 xal qabaqlayır.
Leverkuzenlilər Avroliqanın 1/4 finalında İngiltərənin "Vest Hem" kollektivi ilə qarşılaşacaqlar.