"Qarşımıza qoyulan məqsəd titul qazanmaqdır, bu, heç də asan iş deyil"
"Neftçi" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki. matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun oldu. Hər iki matça baxsaq, yaxşı oynadıq. Növbəti mərhələyə adlamağa layiq idik.
Növbəti mərhələdə "Beşiktaş"la oynayacaqsız. Fikriniz necədir?
- Hər ikisi çox gözəl oyun olacaq. "Beşiktaş" güclü rəqibdir. Amma bu matça qədər çempionatda oyunumuz var. Əvvəlcə həmin qarşılaşma haqda düşünəcəyik.
Bu gün meydanda gördüyünüz "Neftçi" görmək istədiyinizin neçə faizidir?
- Deyə bilmərəm, görmək istədiyim "Neftçi"nin neçə faizidir. Amma bu yolda işləyirik. Yavaş-yavaş formamızı bərpa edəcəyik.
Mərkəz hücumçusu bölgəsində problem görünür. Hədəfiniz kimdir?
- Hazırda iki gənc hücumçumuz var. Buna baxmayaraq, yenə də gətirmək istəyirik ki, rəqabət artsın. Bu, bir az vaxt, zaman aldı.
Gələn futbolçular gedənlərdən səviyyəcə çox üstündür?
- Oyunçuları müqayisə etmək istəməzdim. Hər məşqçinin işinə hörmətlə yanaşıram. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm.
Azər Əliyevin durumu necədir?
- Dirsəkdən zədə alıb, ümid edirəm ki, tezliklə düzələcək.
Bundan əvvəl məşqçilər yerli futbolçuların səviyyəsi ilə bağlı müəyyən problemləri dilə gətirirdi. "Neftçi" yerli və legionerlərlə birlikdə Premyer Liqada çempion olmağa hazırdı?
- Yerlilər barədə şikayət etmək istəmirəm. Heyətdə çox güclü və təcrübəli yerli futbolçular var. Oyunçularım tapşırıqlarımı yaxşı qavrayırlar, yerinə yetirirlər. Qarşımıza qoyulan məqsəd titul qazanmaqdır. Bu, heç də asan iş deyil, uzun yoldur. Çalışacağıq. Bilmirəm hara kimi gəlib çıxa biləcəyik. Amma söz verirəm ki, hər oyunda 100 faizimizi meydanda verəcəyik.
Ervin Koffinin vəziyyəti nə yerdədir və hazırlığı sizi qane edir?
- Koffi zədəlidir, amma buna baxmayaraq, istədim ki, kollektivlə birlikdə olsun. Biz ailəyik. Birlikdə olmalıyıq. Hətta Qara Qarayev və digər zədəlilər də bizimlə birlikdədir.
Qara Qarayevin "Neftçi"də vitse-kapitan olmaq imkanı var?
- Qara çox yaxşı futbolçudur, milli üçün də önəmli oyunçulardandır. Hazırda komandanın kapitanı var, Emin Mahmudovdur. Qara ilə dostdurlar, qardaş kimidirlər. Fərq etməz, kapitan sarğısını kim daşıyır. Əsas odur ki, Qara və ya digərləri lider kimi davranıb, liderlik göstərsinlər. Emin də kapitandır, Eddi də. Digər güclü oyunçularımız var. Vacib deyil sarğını kim daşıyır, əsas olan lider kimi davranmaqdır.