"Bu yola əl atan insanlara müraciətimiz odur ki, belə əməllərdən çəkinsinlər"
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev ilin yekunları ilə bağlı AZƏRTAC Dövlət Agentiliyinə müsahibə verib.
2023-cü ilin son günlərini yaşayırıq. Başa çatmaqda olan ili Azərbaycan futbolu üçün necə xarakterizə edərdiniz?
- Bu il futbolumuz üçün yaddaqalan oldu. Müəyyən tarixi anlara şahidlik etdik, müxtəlif qərarlar, yeniliklər oldu. İlk dəfə II Liqa təşkil olundu. Həmçinin I Liqa əvəzedicilərdən ayrıldı. Uzun müddətdən sonra bu il Premyer Liqada idman prinsipləri qorundu. Sonuncu yeri tutan komanda elitanı tərk etdi. Bundan başqa, qadın futbolçulardan ibarət əsas yığmamız UEFA Millətlər Liqasında qrup lideri olaraq B Divizionuna yüksəlməklə tarixi uğura imza atdı. İndiyədək qadın futbolunda bu cür nəticə olmamışdı. Çox sevindirici məqamdır. Klub futbolunda bir sıra qürurlu anlar yaşadıq. “Qarabağ” ardıcıl 10-cu dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı, eyni zamanda, ilk dəfə Avropa Liqasında pley-offa vəsiqə əldə etdi. Tarixi məqamlardan danışırıqsa, bir neçə gün öncə Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş kubok oyununu qeyd etməmək olmaz. İşğaldan azad olunmuş ərazilərimizdə otuz ildən sonra ilk rəsmi futbol matçı oynanıldı. Yüksək səviyyədə təşkil edilmiş qarşılaşma tək azarkeşlərin yox, hamının böyük marağına səbəb oldu. Hətta həmin görüşü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva də izlədilər. Çox yaddaqalan oyun oldu. Düşünürəm ki, 21 dekabr Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı.
Sadaladığınız mühüm futbol hadisələrindən sizə görə ən yaddaqalanı hansı oldu?
- Hər birinin özünəməxsus yeri var. Amma Xankəndidə keçirilən oyun daha xüsusidir. Oraya ayaq basarkən keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir. Bunları dərk etmək üçün Xankəndidə olub həmin anları yaşamaq lazımdır. Biz bu cür tarixi anlara görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə borcluyuq. Allahdan şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyirəm. Xankəndidəki oyunu heç bir idman uğuruna dəyişmərəm.
İlin əsas hadisələrindən biri də Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi ilə müqavilənin yenilənməməsi oldu. Maraqlıdır, italiyalı mütəxəssis yaddaşınızda necə qaldı?
- Əvvəlcə onu deyim ki, milli komandamızın AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı qeyri-stabil oldu. Xüsusilə start uğursuz alındı. Elə də yaxşı oyun sərgiləmədik, böyükhesablı məğlubiyyətlərlə üzləşdik. Amma sonradan komanda toparlandı və müsbət dinamika müşahidə olundu. Hətta Bakıda İsveç kimi güclü yığmanı 3 cavabsız qolla məğlub etdik. Belçikaya qarşı qrupun son matçında isə böyük hesabla uduzduq, məyus olduq. Baş məşqçiyə gəlincə, onun müqaviləsi bitmək üzrə idi. AFFA İcraiyyə Komitəsi ümumi nəticələri də nəzərə alaraq qərara aldı ki, sözləşmə yenilənməsin. Milli komanda De Byazinin başçılığı altında müəyyən dövrdə müsbət dinamika ilə yadda qaldı, ardıcıl beş qələbə qazandı. Yeganə müsbət məqam kimi bunu deyə bilərəm.
Qadın futbolundakı tarixi uğura toxundunuz. Əvvəllər milli komanda çox vaxt böyük hesabla uduzurdu. Amma sonradan hər şey 180 dərəcə dəyişdi və biz bu gün qadınlardan ibarət yığmanın uğurlu çıxışından danışırıq. Sizcə, müsbətə doğru dəyişikliyin sirri nədədir?
- Bu cür nəticələr dərhal qazanılmır. Bunun üçün müəyyən dövr lazımdır. Burada əsas müsbət məqamlardan biri odur ki, yığma üzvlərinin təqribən 90 faizi legioner həyatı yaşayır. Rusiya, Türkiyə və Yunanıstanda oynayan futbolçularımız var. 23 futbolçudan təqribən 20-si ölkə xaricində çıxış edir. Məşqçi işini də kölgədə qoymaq olmaz. Siyasət Əsgərov uzun illərdir qadın futbolunda çalışır. Əvvəllər yığmada əcnəbi baş məşqçilərin köməkçisi olub. Onların yanında təcrübə toplaya-toplaya gəlib bu səviyyəyə çatdı. İndi isə artıq özü milli komandaya başçılıq edir. Bundan əlavə, Əsgərovun ölkə xaricində çalışması da burada rol oynadı və yığmanın nəticələrinə təsirsiz ötüşmədi.
Yeri gəlmişkən, Siyasət Əsgərov ötən mövsüm Türkiyə çempionu etdiyi “Fomget” klubundan şəxsi istəyi ilə ayrıldı. Sizcə, mütəxəssisin bu qərarı Azərbaycan millisinin xeyrinə, yoxsa ziyanına olacaq?
- Bu məsələ ilə bağlı Siyasət Əsgərovun özü ilə danışmışıq. Məndə olan məlumata görə, Türkiyənin bir neçə klubundan təklif alıb. Amma indi açıqlamaq düzgün olmaz. Suala gəlincə, düşünürəm ki, baş məşqçinin xarici klubda çalışması milli komandanın da xeyrinə olar və nəticələrə müsbət təsir edər. Əsgərov “Fomget” klubundan təklif alanda bunu müsbət qarşılamış, dəstək vermişdik. Bu dəfə də elə olacaq. Təklifi qəbul etsə, biz tərəfdən ona hər hansı problem yaradılmayacaq.
Təklif göndərən klublarla danışıqlar hansı mərhələdədir?
- Bildiyimə görə özü ilə danışıblar. Amma hələlik məsələ ciddi olmadığı üçün açıqlama vermək məqsədəuyğun deyil.
Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vuruldu və komandalar təqribən bir aylıq qış fasiləsinə yollandılar. Mövsümün birinci yarısındakı rəqabət və mübarizə sizi qane etdimi?
- "Qarabağ"ın turnir cədvəlinin ilk pilləsində olması və ən yaxın izləyicisini 12 xal qabaqlaması, açığı, məni təəccübləndirmədi. Artıq Ağdam klubunun böyük xal fərqi ilə birinci yerdə olmasına öyrəşmişik. Düzdür, ötən mövsüm qış fasiləsində vəziyyət bu cür deyildi. Arada çox da böyük xal fərqi yox idi. Amma yenə də “Qarabağ” sonda çempion oldu. Bu mövsüm Premyer Liqada maraqlı gedişat izləyirik. İkinci yerdəki komanda ilə səkkizinci sırada gedən kollektivi bir-birindən cəmi 7 xal ayırır. Bu, o deməkdir ki, çempionatda qızğın mübarizə gedəcək. Hazırda autsayder olan “Qəbələ” və “Kəpəz”i də hesabdan silmək olmaz. Fikrimcə, onlar da öz sözlərini deyəcəklər. Ötən illərlə müqayisədə bu mövsüm daha maraqlı və elə də öyrəşmədiyimiz çempionat izləyirik. “Qarabağ”ı çıxmaq şərtilə, yerdə qalan 9 komanda arasında mübarizə son anadək davam edəcək.
Yaxşı məqama toxundunuz. Sizcə, niyə "Neftçi", "Sabah" və "Zirə" kimi klublar "Qarabağ"la sonadək rəqabət apara bilmirlər?
- "Qarabağ"da uzun illərdir stabillik var. Həmçinin baş məşqçi amilini də qeyd etmək olar.
Bu yaxınlarda "Neftçi"də baş məşqçi dəyişikliyi baş verdi. Mövsümün əvvəlində böyük ümidlərlə komandanın sükanı arxasına gətirilən Adrian Mutunu monteneqrolu mütəxəssis Miodraq Bojoviç əvəzlədi. Bu dəyişiklik barədə nə deyə bilərsiniz?
- Sırf bu məsələ ilə bağlı detallı danışmaq istəmirəm. Çünki klubun daxili məsələsidir. Sadəcə onu deyə bilərəm ki, bu, futbolda tez-tez qarşılaşdığımız hallardan biridir.
Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun bu yaxınlarda ikinci iclası keçirildi. Yığıncaqda hansı məsələlər müzakirə olundu?
- İclasda yeni baş məşqçinin seçilməsi üçün nəzərdə tutulan kriteriyalar barədə müzakirələr aparıldı. Konkret olaraq, hər hansı mütəxəssis barədə söhbət olmadı.
Gəlin, konkretləşdirək: Azərbaycan millisinin yeni baş məşqçisi hansı kriteriyalara sahib olmalıdır?
- Hazırda müzakirə olunan məqamları detallı şəkildə açıqlamaq məqsədəuyğun olmaz. Amma müəyyən kriteriyalar var ki, onlara köklənib məşqçi axtarılacaq. Burada həm yaş, həm də məşqçinin Azərbaycan futboluna bələd olub-olmaması kimi amillər var. Həmçinin təyinatdan sonra onun qarşısına qoyulacaq məqsədlərlə bağlı müzakirə gedir. Bunların hamısı İşçi Qrupu tərəfindən hazırlanıb İcraiyyə Komitəsinə təqdim olunacaq. İK təklifə müsbət fikir bildirdikdən sonra bu istiqamətdə axtarışlara başlayacağıq.
Onda belə çıxır ki, yerli və xarici KİV-lərdə Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir...
- Bəli. Hazırda AFFA-nın siyahısında konkret adlar yoxdur. Həmin məşqçilərin heç biri ilə danışıqlar olmayıb.
Gələn ilin mart ayında AFFA-da Hesabat-Seçki Konfransının keçirilməsi gözlənilir. Konfransda milli assosiasiyaya prezident seçkiləri olacaq. Yeni baş məşqçinin müəyyənləşdirilməsi üçün seçkilərin nəticəsi gözləniləcəkmi?
- Hazırda bu məsələ müzakirə mövzusu deyil. İşçi Qrupunun qarşısına da hər hansı məqsəd qoyulmayıb ki, yeni baş məşqçi konfransa qədər və ya ondan sonra bəlli olsun. Hər şey plana uyğun şəkildə davam edir. Bunun AFFA-nın Hesabat-Seçki Konfransı ilə əlaqəsi yoxdur. Axtardığımız kriteriyalara uyğun baş məşqçini daha tez tapsaq, təyinat reallaşacaq. Digər tərəfdən, milli komandanın gələn il ilk rəsmi oyunu sentyabrda olacaq. Yəni, kifayət qədər vaxtımız var.
Ümumiyyətlə, gələn il AFFA rəhbərliyində hər hansı dəyişiklik gözlənilirmi?
- Bunu zaman göstərəcək. Hazırda dəyişikliklə bağlı hər hansı məsələ müzakirə olunmur. Mətbuatda yazılanlar doğru deyil.
Bu mövsüm Azərbaycan Premyer Liqasında hakimlərin idarəçiliyi ilə bağlı müəyyən narazılıqlar var. Ədalət təmsilçilərinin çempionatın ilk hissəsindəki fəaliyyəti sizi qane edir?
- VAR sisteminin tətbiqindən sonra hakimlikdə müsbət dinamika daha çoxdur. Bu mövsüm daha peşəkar yanaşmanın şahidi oluruq. VAR bir sıra hallarda oyunlara müsbət təsirini göstərir. Hərdən baş hakimin yanlış qərar verdiyi epizodlar olur. Həmin vaxt VAR dərhal müdaxilə edərək, bəlkə də matçın nəticəsinə təsir edə biləcək səhvin qarşısını alır. Razıyam, hərdən yanlış qərarlar da olur. Amma bunun qərəzli olduğunu düşünmürük. Dünya futbolunda da hakim səhvlərinin şahidi oluruq. AFFA Hakimlər Komitəsi çalışmalıdır ki, bu cür yanlışlıqlar minimuma endirilsin.
FİFA referisi Əliyar Ağayevin avrokubok oyunlarını Azərbaycan çempionatının matçlarından daha yaxşı idarə etdiyi barədə fikirlər var. Siz bu fikirlərlə razısınız?
- Bu, daha çox Hakimlər Komitəsinə aid olan sualdır. Mənim fikrimcə, bu, oyun sayı ilə bağlı olan məsələdir. Bildiyiniz kimi, Əliyar Ağayev daxili yarışlarda daha çox görüş idarə edir. Belə olan halda onun səhv etmə ehtimalı da yüksək olur. Düşünürəm ki, Əliyarın avrokuboklardakı uğurlu idarəçiliyi hər birimizi sevindirməlidir. O da çalışmalıdır ki, uğurlu işini həm daxili, həm də xarici yarışlarda davam etdirsin.
Əliyar Ağayev hazırda birinci kateqoriyadadır. Onun yaxın müddətdə elit kateqoriyaya yüksəlməsi gözlənilirmi?
- Xeyr, gözlənilmir. Çünki elit kateqoriyaya düşmək çətin məsələdir.
FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Türkiyə mətbuatına müsahibəsində bildirib ki, ali futbol qurumu Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər. FIFA və ya UEFA-dan indiyədək AFFA-ya bununla bağlı hər hansı müraciət daxil olub?
- Heç bir qurumdan bu məsələ ilə bağlı rəsmi təşəbbüs irəli sürülməyib. Belə bir istək olsa, əlbəttə ki, müsbət cavab verərik.
Azərbaycanın futzal millisi elit raundda qrup sonuncusu oldu və dünya çempionatında iştirak şansını itirdi. Vitali Borisovun başçılıq etdiyi yığmanın çıxışı barədə də fikirləriniz maraqlı olardı...
- Bu məsələdə zamana ehtiyac var. Bir müddət öncə U-19 yığması yaradıldı. Onların təcrübə qazanması üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq yarış keçirdik. Həmin yığmaya diqqət yetirməyə çalışırıq ki, oradan yerli futzalçılar əsas milliyə yüksəlsinlər. Çünki legioner oyunçulardan imtina etmək istəyirik. Məşqçi dəyişikliyi də buna hesablanıb.
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubuna rəqib oldu. Düzdür, hələ oyuna çox var, komandalar gələn ilin fevralında qarşılaşacaqlar. Bununla belə, Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, "Qarabağ"a daha çətin, həmçinin nisbətən münasib komandalar düşə bilərdi. Amma bu səviyyədə asan rəqib olmur. “Braqa” Portuqaliyanın sayılıb-seçilən komandalarından biridir. Amma "Qarabağ"ın sərgilədiyi stabil oyun və əldə etdiyi nəticələr onu göstərir ki, bu komanda “Braqa”ya qarşı da layiqli mübarizə apara bilər. "Qarabağ"dan müsbət nəticə gözləyirəm.
Yayılan məlumatlara görə, son vaxtlar UEFA-dan Azərbaycanın 1-ci və 2-ci Liqasında şübhəli oyunların olması ilə bağlı AFFA-ya siqnal daxil olub. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
- Təəssüflər olsun ki, bu, həqiqətdir, UEFA-dan hər iki liqa ilə bağlı müəyyən siqnallar almışıq. Bu cür məsələləri ciddi nəzarətə götürürük. Aidiyyatı qurumlar, güc strukturları ilə araşdırmalara başlamışıq. Sadəcə, konfidensiallığı nəzərə alaraq, komandaların adlarını və konkret hansı oyunların şübhəli olduğunu açıqlaya bilmirik. Hər xırda siqnal çox ciddi araşdırılır. Bu yola əl atan insanlara müraciətimiz odur ki, belə əməllərdən çəkinsinlər. Çünki sonda günahı sübuta yetirilənlər cəzasız qalmayacaqlar. Onlar üçün ən yüngül sanksiya futboldan ömürlük uzaqlaşdırılma olacaq.
Dekabrın 16-da Ağdam rayonu ərazisində ağır qəzaya düşən və hazırda müalicələri davam edən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovla qurumun vitse-prezidenti Aslan Şahgəldiyevin son durumu necədir?
- Məlum olduğu kimi, PFL-in 3 əməkdaşı - Elgiz Abbasov, Sənan Abdullayev və Zaur Hacı-Məhərrəmov bir neçə gündür xəstəxanadan evə buraxılıblar. PFL prezidenti Elxan Səmədov xüsusi əməliyyata ehtiyac olduğundan 2 gün öncə AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə Türkiyəyə göndərilib və müalicəsi orada davam etdiriləcək. Aslan Şahgəldiyevin də müalicəsi xəstəxana şəraitində davam edir və o da AFFA rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.