Mehman Xəlilovun 19 illik cəzası qüvvədə qaldı - Məhkəmə qərarı

Mehman Xəlilovun 19 illik cəzası qüvvədə qaldı - Məhkəmə qərarı

Ötən il Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürmək maddəsilə həbs edilən cüdo məşqçisi Mehman Xəlilovun şikayətinə baxılıb.

Mediasport.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda idmançının vəkili müvəkkilinə verilmiş ittihamın dəyişdirilməsini, sanksiya həddində yüngül cəza təyin edilməsini istəyib.

Vəkil qeyd edib ki, idmançı azyaşlını qəsdən öldürməyib, hadisə ehtiyatsızlıqdan baş verib. Xəlilov son sözündə də hadisədən dərin peşmançılıq hissi keçirdiyini etiraf edib, özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bildiyini söyləyib.

Şikayəti Məhəmmədəli Rzayevin sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Yuxarı instansiya məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntusu aşkar etməyib.

İstintaq materiallarında təqsirləndirilən idmançının dünyasını dəyişmiş Fəridin anası ilə yaxın münasibətinin olduğu qeyd edilib. Bu səbəbdən Fəridin anasının hərəkətlərinə əsəbiləşən Mehmanın azyaşlını qisas məqsədilə qəsdən öldürdüyü iddia edilib. Mehman özü isə məhkəmədə bunları təkzib edib, baş verənləri ehtiyatsızlıqdan yaranan bədbəxt hadisə adlandırıb.

Qərara əsasən, M.Xəlilovun 19 il azadlıqdan məhrumetmə cəzası olduğu kimi qüvvədə saxlanılıb.

M.Xəlilova əvvəl Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

İstintaqın gedişində onun əməli eyni məcəllənin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.