Azərbaycan boksu nokautda! - 18 idmançı ilə cəmi iki bürünc medal
Aprelin 18-də Serbiyanın paytaxtı Belqradda start götürən kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan milliləri qitənin nüfuzlu yarışında ümumilikdə 18 idmançı ilə təmsil olunub.
Serbiyaya 13 çəki dərəcəsində yollanan kişi boksçularımız tam heyətlə çıxış ediblər.
Qadınların mübarizəsində isə ölkəmiz 5 çəkidə mübarizə aparıb.
Yekun nəticə: Azərbaycan 10 gün davam edən yarışda yalnız iki bürünc medal qazanıb, boks dili ilə desək, nokauta düşüb.
Yalnız 63,5 kq-da Malik Həsənov və 92 kq-da Alfonso Domingeslə sevinmişik ki, onlar da 3-cü yeri tutmaqla kifayətləniblər.
Kişilərdən ibarət milli: Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Şamil Əsgərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq).
Qadınlardan ibarət milli: Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq).