Elşən Abdullayevin “Sabah” barəsində şikayəti təmin olunmayıb
“İrəvan”ın futbolçusu Elşən Abdullayevin sabiq komandası “Sabah” barədə apellyasiya şikayəti təmin olunmayıb.
Mediasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı “ödənilməyən xidmət haqqı” tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı qüvvədə saxlayıb.
Belə ki, müraciət üçün Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 9.1-ci bəndində göstərilən müddət keçdiyinə, müddətin ötürülməsi üzrlü hesab edilmədiyinə, bununla da şikayət vermə qaydaları pozulduğuna görə, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunub.
Qərarın tam mətni 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
Futbolçunun bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.
Oyunçuların Statusu və Transferi Komitəsi 7 avqust 2023-cü il tarixində Elşən Abdullayevin şikayətinə baxılmaması qərarını vermişdi. Buna səbəb futbolçunun şikayəti təyin edilən vaxtdan gec verməsi olmuşdu.
Qeyd edək ki, Elşən Abdullayev 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib.