Millimizin məşqçisi: "Qarabağ" Avroliqada qrupdan çıxmağa layiq idi"
"Qarabağ" Avropa Liqasında yaxşı çıxış elədi. Qrupdan çıxmaq üçün yaxşı şansı var idi. Futbol belə oyundur, bəzən bir az bəxt də lazım olur".
Bu sözləri mediasport.az saytına verdiyi açıqlamada U-17 milli komandamızın qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov deyib.
Ağdam təmsilçisinin Avroliqada çıxışını dəyərləndirən məşqçinin fikrincə, bəxt amili çox böyük rol oynayır: "Bir qədər bəxtimiz də gətirmədi, müəyyən mənada yaranmış imkanlardan da istifadə edə bilmədik, hakim amili və.s. bu kimi məqamlar komandanın daha yaxşı nəticə göstərməsinə mane oldu. "Qarabağ" nümayiş etdirdiyi oyunla qrupdan çıxmağa layiq idi. Amma futboldur, hər zaman layiq olan uğur qazanmır. İrəli baxmaq lazımdır. İnanıram ki, Konfrans Liqasında mümkün qədər irəli gedərək gücünü göstərəcək. Komandanın bütün xətləri üzrə yaxşı futbolçuları var. Hər halda Qurban Qurbanov işini bilən məşqçidir, o da istəyərdi ki, hücum xəttində yaxşı bir futbolçu cəlb eləsin".
Bugünlərdə Bosniya və Herseqovinanın Kakanj şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu olan U-17 haqda fikir bildirib. "Neftçi"nin sabiq qapıçısı yeniyetmələrdən ibarət komandamızda potensiallı uşaqların olduğunu qeyd edib:
"Uşaqlar seçmə mərhələdə pis çıxış etmədilər. Nəticələri bir kənara qoysaq, komandamızda həqiqətən yaxşı istedadlı futbolçular var. Sadəcə, bizimkilərin təcrübəsi çox azdır. Rəqib komandaların heyətində bu yaşda olan uşaqlar legioner həyatı yaşayırlar. Bunlar təcrübə qazanmalıdırlar. Əminəm ki, gələcəkdə Azərbaycanın əsas milli komandasına xeyir verəcəklər. Ukrayna və bosniyalılara məğlub olsaq da, heç də zəif oyun nümayiş etdirmədik, sona qədər mübarizə apardıq. Nəzərə alaq ki, futbolu inkişafda olan Lixtenşteynin qapısından keçirdiyimiz 8 cavabsız top göstərir ki, uşaqlarda potensial var. Çalışmaq, artırmaq lazımdır".
U-17 millimiz Bosniya və Herseqovina, Ukrayna və Lixtenşteyn yığmaları ilə eyni qrupda mübarizə aparırdı. Yığmamız qrupun ilk görüşündə ukraynalı həmyaşıdlarına 2:5, Bosniya və Herseqovinaya 0:1 hesabıyla uduzub, son görüşündə Lixtenşteynə 8:0 hesabı ilə qalib gəlib.