"Mövsüm boyu əziyyət çəkmişdik, bu şansı əldən verə bilməzdik"
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Mediasport.az xəbər verir ki, "Şamaxı" son turda evdə "Araz Saatlı"ya 3:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda bununla 1 illik fasilədən sonra Premyer Liqaya qayıdışını da rəsmiləşdirib.
Təcrübəli mütəxəssis Saatlı təmsilçisi ilə oyun haqda danışıb, qələbə təəssüratlarını bölüşüb:
“Klubumuzu təbrik edirəm. Futbolçularımıza çox sağ ol deyirəm. Verdiyimiz tapşırıqları, demək olar ki, səhvsiz yerinə yetirdilər. Dəfələrlə demişəm ki, 1-ci Liqada zəif komanda yoxdur. “Araz Saatlı” ilə oyun da bunu sübut etdi. Matç çox gərgin keçdi. Rəqib sona qədər yaxşı oyun göstərdi. 1 ildir çəkdiyimiz əziyyətin bəhrəsini gördük”.
O, qalib gələcəklərinə əvvəldən inandıqlarını deyib: “Uşaqlar inanırdılar ki, hesab neçə olur-olsun, qalib gələcəyik. Mövsüm boyu əziyyət çəkmişdik. Son 10-12 dəqiqədə bu şansı əldən verə bilməzdik. Yenidən baş məşqçi kimi Premyer Liqaya qayıtmaq? Mənim üçün bir o qədər də fərqi yoxdur. Bilirsiz ki, təcrübəmiz var. Lakin “Şamaxı” klubunun Premyer Liqadan düşüb, yenidən ora qayıtması mənə daha xoşdur. Eləcə də şamaxılı azarkeşlərin sevincini görmək məni sevindirir”.
Mütəxəssis paralel oynanılan "Mingəçevir" - "Qaradağ Lökbatan" görüşünün nəticəsi ilə maraqlanmadığını bildirib: “Tam səmimi deyirəm, klubda hamı təsdiqləyə bilər. Rəqiblərin nəticələri ilə maraqlanmamışam. Məni həmişə öz oyunumuz maraqlandırır”.
R.Məmmədov “Şamaxı”nın Premyer Liqaya məhz daha əvvəl çalışdığı “Qəbələ”nin əvəzinə yüksəlməsinə belə münasibət bildirib: “Qəbələ də sevimli şəhərimizdir, futbol klubumuzdur. İnanıram ki, onlar da bizim kimi yenidən Premyer Liqaya qayıdacaqlar. Onlara bu yolda uğurlar arzulayıram”.
Çempion məşqçi “Şamaxı”nın Premyer Liqa üçün strategiyasının hələlik məlum olmadığını vurğulayıb: “Şamaxı”nın ilk yarandığı gündən məqsədi azərbaycanlı futbolçular yetişdirməkdir. İndidən yeni mövsüm üçün komandaya legioner cəlb olunub-olunmayacağı barədə bir söz deyə bilmərəm. Bu haqda rəhbərliklə danışacağıq. Heyəti 1-ci Liqada olan futbolçularla da gücləndirə bilərik. 1-ci Liqanın digər klublarında Premyer Liqada çıxış edə biləcək futbolçular var. Özü də çoxdur. Ad çəkməyə indiki məqamda ehtiyac görmürəm. Onlardan bəzilərini baxışa çağıracağıq”.
“Bəzən I Liqada qalib olan məşqçiyə klub rəhbərliyi Premyer Liqada şans vermir. Eyni hal “Şamaxı”da da yaşana bilərmi?” sualını R.Məmmədov belə cavablandırıb: “Yaşayarıq, görərik. Sağlıq olsun. Mən hər bir qərara hörmətlə yanaşıram. Təki, “Şamaxı” Premyer Liqada olsun. Buna çalışırdıq, qarşıya qoyulan məqsədə də nail olduq”.