"Sabah"ın daş atıb başını tutması və yaxud SABUN KÖPÜYÜ - YAZI
"Sabah"ın "Zirə" ilə dünənki ev oyunundan sonra palaz boyda "şikayət məktubu" hazırlamasını görəndə adamı gic gülmək tutur.
Masazır təmsilçisinin rəqib futbolçunun kobud hərəkətinə görə meydandan qovulmamasına və başqa bir neçə epizoda görə hakimlərdən narazılığını əks etdirən bəyanat tipli paylaşıma gülməmək əldə deyil.
Premyer Liqada geridə qalan 12 tur ərzində yalnız 3 qələbə qazanan Murad Musayevin komandası Avropa Konfrans Liqasının təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Partizan"la səfərdə keçirdiyi görüşdən sonra hələ də özünə gələ bilməyib.
Bəzi klublar artıq avrokuboklarda titulu qazanmağa yaxındır, "Sabah" isə hələ də yayda qalıb.
Bu soxhasoxda komandanın tərsə-köndələn çıxış etməsinin səbəbkarları, sən demə, hakimlər imiş. Bunlar nə yeyirlər, nə içirlər, Allah bilir.
12 tura yalnız 13 xal toplayan komanda daxilində baş qaldıran həlli mürəkkəb problemləri yoluna qoymaq əvəzinə günah keçisi axtarır. Oynaya bilməyən həmişə yerim dardır bəhanəsini qucaqlayır.
Bəyənilən oyun sərgiləməməsinə rəğmən, praqmatik futbolla liderlikdə qərarlaşan "Zirə"yə ev məğlubiyyətinə don geyindirməyə, özlərini haqlı çıxarmağa çalışırlar. Yaxşı, "Zirə" ilə matçda hakim qonaq futbolçunun kobud səhvini görmədi və qırmızı vərəqə vermədi. Bəs ondan əvvəlki oyunlar?
Camaat çörəyi qulağına yemir, ötən mövsümün ortalarında klub prezidenti Maqsud Adıgözəlovun baş məşqçi ilə söz dava-dalaşına çıxması, tərəflərin ciddi problemə çevrilmiş mübahisəni Xızı dağlarında ikilikdə aydınlaşdırması, yaxud bir neçə həftə əvvəl Ceyhun Nuriyevlə Yusif İmanovun müqavilələri yeniləmək istəməməsi səbəbindən ehtiyat komandaya göndərilməsindən sonra rəhbərliklə Murad Musayevin növbəti dəfə kəllə-kəlləyə gəlməsini unutmamışıq.
Bəylər, sizin probleminiz hakimlik deyil. Heç futbolçularlıq da deyil. Yayda düşərgəni vur-tut 2 futbolçu tərk etdi: Aleksey Kaşşuk nə Xavi deyildi, nə də İnyesta. Heç Coy-Lens Mikels də Ronaldonun, Messinin dırnağının parası ola bilməzdi. Əvəzində isə heyətə bir neçə sanballı legioner cəlb edildi, Milan "İnter"inin sabiq üzvü Belfodilə, "Qalatasaray"da oynamış Sekidikaya qədər.
Ruslar demiş, "ne ujeli" bu boyda komanda eləcə 2 futbolçudan asılı idi? Bəs GƏLƏCƏK? Bəs SABAH? Noldu, eləcə pafos idi hamısı?
Bu nağılları özünüzə danışın, özünüz də inanın.
"Sabah"ın yeganə problemi klub rəhbərliyi - konkretləşdirsək, Maqsud Adıgözəlovun mənəm-mənəmliyi, "burda mənəm, Bağdadda kor xəlifə" ideologiyasıdır.
Bununla klub-komandanı idarə etmək mümkün deyil, peşəkarlıqdan danışmaq isə gülüncdür.
Pul çox ola bilər, lap çox ola bilər, həftəyə 8 sponsorla əməkdaşlıq müqaviləsi də bağlaya bilərsiz, lakin sabun köpüyü...
Havaya uçub yox olması çox qısa zaman alır.
MEDİASPORT.AZ