"Mövsümün əvvəlində qarşımıza çempionluq məqsədi qoymamışdıq
"4 turdan sonra maksimum nəticə hazırda bizi qane edir. Turnir cədvəlinin zirvəsində qərarlaşmışıq. Futbolçularıma təşəkkür edirəm. Əzmkarlıq və xarakter göstərdilər".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.
Cari mövsüm çempionatda çıxdığı bütün matçlardan qələbə ilə ayrılan Yevlax təmsilçisinin çalışdırıcısı onlara çətinlik yarada biləcək məqamlardan söz açıb:
"Marafon uzundur, qarşıda çoxlu oyunlar var. İddialı "İmişli" və "Qəbələ" kimi komandalarla hələ qarşılaşmamışıq. Heyət hazırda bizi qane edir, amma bu, hələ çempionatın başlanğıcıdır. Bizi çətin matçlar gözləyir. Bu müddətdə futbolçular xəstələnə, zədələnə bilərlər. Ehtiyat qüvvəmiz bir az geniş olsa, məncə, sona qədər mübarizə apara bilərik. Çətinliyimiz yalnız bununla bağlıdır. Şükür Allaha, bazamız, stadionumuz, şəraitimiz var, rəhbərlik komandaya yaxşı baxır, bizi dəstəkləyir. Şahmar müəllim (klub prezidenti Şahmar Vəliyev-red.) problemlərimizlə maraqlanır, qayğımıza qalır. Sona qədər arxamızda dayanacaq insandır. Yaxın günlərdə yeni baza da istifadəyə veriləcək".
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istədiklərini qeyd edib:
"Əlbəttə, Premyer Liqaya çıxmaq istərdik. Amma bunun üçün 1-ci Liqada çempion olmaq lazımdır. Açığı, mövsümün əvvəlində qarşımıza çempionluq məqsədi qoymamışdıq. İstəyimiz ilk "3-lük"də qərarlaşmaq idi. Həm indidən çempionluq barədə danışmaq tezdir. Çalışacağıq ki, qərarlaşdığımız zirvəni qoruyaq. Çempionatın gedişində çox şey dəyişə bilər. Liderliyi qoruyub saxlamağa çalışacağıq. Dörd oyunun nəticəsinə əsasən, birinci yerdə olmağımız bizi sevindirir".
K.Kərimov 5-ci turun mərkəzi qarşılaşmasından - "İmişli" ilə oyundan gözləntilərini bölüşüb:
"Üstünlüyümüz ondadır ki, "İmişli" ilə oyunu evdə keçirəcəyik. Azarkeşlərimizə güvənirik, hər zaman yanımızdadırlar, bizə dəstək olurlar. Futbolçularımın da xarakter göstərəcəklərinə və yaxşı nəticə qazanacağımıza inanıram".
Azərbaycan milli komandasının sabiq hücumçusu yığmamızın sabah UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində səfərdə Estoniya millisinə qarşı keçirəcəyi görüşdən gözləntilərini dilə gətirib:
"Milli komandamız qrupda iki matç keçirib, hər iki oyunda məğlub olmuşuq. Estoniya səfərində ancaq qələbə qazanmaq lazımdır. Heç olmasa, turnir curnir cədvəlində Estoniyanı üstələməliyik. Ümid edirəm ki, komandamız bizi sevindirər".
Rövşən ƏLİSOY