"Şahruddin "Adana Dəmirspor"da əsas heyətə düşməyi bacarmalıdır"
“Adana Dəmirspor” Şahruddini əbəs yerə transfer etməyib. Təcrübə, oyun praktikası mütləqdir. Şahruddin oynamalıdır ki, gələcəkdə onun üçün milli komandada çətinlik yaranmasın”.
Bu sözləri Mediasport.az saytına açıqlamasında 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov deyib.
Yığma komandamızın sabiq qolkiperi yayda “Qarabağ”dan Türkiyə Superliqası klubu “Adana Dəmirspor”a gedən Şahruddin Məhəmmədəliyevin yeni komandada əsas heyətə düşməli olduğunu bildirib: “Şahruddin Türkiyəyə yeni gedib. Təcrübəli qapıçıdır. "Qarabağ"ın əsas heyət qolkiperi olub. "Adana Dəmirspor"da hələlik 1 oyuna çıxıb. Əlbəttə, çalışacaq ki, orada da əsas heyət üzvünə çevrilsin Məsuliyyət daşıdığını başa düşür. Şahruddin klubda nə qədər çox oynasa, onun üçün milli komandada hər şey daha rahat olacaq. Mənim fikrimcə, o, millinin 1 nömrəli qapıçısı olaraq qalmaq üçün gələcəyi düşünməlidir. "Adana Dəmirspor"da əsas heyətə düşməyi bacarmalıdır. Oyun praktikasını artırmaq üçün ona şans yaradacaqlar. Məşqçiləri onun Azərbaycan milli komandasının əsas qapıçısı olduğunu başa düşürlər”.
Təcrübəli mütəxəssis gənc qapıçıların yetişdiyini və onların artıq bəzi klubların əsas heyəti ilə məşq etdiklərini vurğulayıb: “Bununla bağlı hazırda mənim çalışdırdığım yaş qrupunda olan qapıçılardan bir neçəsinin adını çəkə bilərəm: Sadiq, Səlim, Murad, Nicat. Sadiq "Səbail"in, Səlim "Zirə"nin, Murad "Sumqayıt"ın, Nicat isə "Neftçi"nin əsas heyətinə cəlb olunur. Bu futbolçuların klublarının əsas heyətləri ilə məşq etməkləri sevindirici haldır. Şükürlər olsun ki, onlara inam var. Onların yetişməsi üçün əlimizdən gələni edirik. Çalışırıq ki, yaxşı qapıçılar üzə çıxsın. Digər qolkiperlərdən Osman Latviyanın "Riqa" klubunda forma geyinir”.
Hüseyn Məhəmmədov çalışdırdığı qapıçıları milli komandada görməyə ümid edir: “Adını çəkdiyim qapıçıların özlərindən də çox şey asılıdır. Çalışsalar, gələcəkdə əsas milli komandaya dəvət alacaqlar. Daima yığmada əsas qolkiperə çevrilmək barədə düşünməlidirlər. Bu məsuliyyəti, düşüncələri, fikirləri məşqçi kimi onlara aşılamağa çalışıram. Azərbaycan milli komandasının qapıçısına çevrilmələri üçün özləri də qarşılarına məqsəd qoymalıdırlar. Hər şeyin necə olacağını zaman göstərəcək. Öyrətdiyim uşaqlar əllərindən gələni edirlər. Ümid edirəm ki, adını çəkdiyim qapıçıları milli komandada görərik".
49 yaşlı məşqçi milliləşdiriləcəyi haqda xəbərlər yayılan "Fənərbağça"nın qapıçısı İrfan Can Eğribayat barədə də düşüncələrini bölüşüb: “Sözün düzü, milli komandamızda yaxşı qapıçıların sayı çox olduqca rəqabət də olacaq. Yayılan informasiyanın nə qədər doğru olduğunu bilmirəm. Uzun illərdir qapıçılar arasında rəqabət çox azdır. Demək olar ki, mənim çıxış etdiyim dönəmdən sonra yığmada rəqabət çox az oldu. Həqiqətən klublarda legioner qapıçılar çox oynadılar. Bu, rəqabətin azalmasına gətirib çıxardı. Nəticədə, indi qapıçı qıtlığı yaşanır. Klublarımızda nə qədər çox yerli qapıçı oynasa, millidə də rəqabət özünü göstərəcək. Əlbəttə, milli komandada rəqabətin olması yaxşıdır. Ən azından onların məsuliyyəti artacaq və 1 nömrə olmaq üçün mübarizə aparacaqlar”.
Rövşən