"Sevginizi, dəstəyinizi hiss edirəm və bunu yüksək qiymətləndirirəm"
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.
Mediasport.az xəbər verir ki, İngiltərə millisinin üzvü sosial şəbəkə hesabında mükafatla birgə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:
"Ayın oyunçusu mükafatına layiq görüldüm. Məşqçilər korpusu, komanda yoldaşlarım və azarkeşlər olmasaydı, bunu bacara bilməzdim. Mənə olan sevginizi, dəstəyinizi hiss edirəm və bunu yüksək qiymətləndirirəm".
Maquayr cari mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlər daxil olmaqla 15 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
30 yaşlı müdafiəçi “qırmızı şeytanlar”ın heyətində noyabr ayında hər üç matçı əvəz edilmədən keçirib.
"Mançester Siti"dən Jeremi Doku, "Çelsi"dən Rahim Sterlinq, "Nyukasl"dan Entoni Qordon, "Bornmut"dan Markus Tavernier və "Luton"dan Tomas Kaminski də mükafata namizəd idi.