"Şübhəli məqamdır, mənə görə ofsayd yox idi" - Ayxan Abbasov

"Şübhəli məqamdır, mənə görə ofsayd yox idi" - Ayxan Abbasov

"Futbolçularım xarakter göstərdi, vuruşdu. Epizodlardan daha yaxşı istifadə etsəydik, xal qazana bilərdik. Üzücü məğlubiyyət oldu. Son dəqiqələrdə təəssüf ki, qol buraxdıq. Üç gündən-bir oynayırıq. Heyətimiz geniş deyil. Sayılmayan qolumuzda ofsayd xətt müəmmalı qaldı. Məncə, şübhəli məqamdır. Mənə görə ofsayd yox idi. Davam edəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınmış "Qarabağ"la görüşdən sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Cəlal Hüseynovdan başqa razılaşdığınız futbolçu var?

- Cəlal transferini demək olar ki, bitirmişik. Tanıdığımız futboçudur. Axtarışlarımız davam edir. Yerli oyunçu gətirmək çətindir, klublar buraxmır. Daha çox legioner transferlərinə köklənmişik. Ayrılan oyunçuların yerini mütləq doldurmalıyıq.

Leroy Mikelsə təkliflər olduğu deyilir. Onu "itirməkdən" qorxmursunuz?

- Leroyu 2 ildir izləyirdim, əvvəlki klubuma transfer etmək istəmişdim. Potensialı olan futboçudur. Bizimlə müqaviləsi var. Əgər təklif gəlsə, bəlkə fikirləşərik. Amma ümumən yaya kimi heç kimi buraxmaq fikrində deyilik. Bu oyunçuları Azərbaycan futboluna qazandırmaq məni sevindirir.

Üç gün sonra "Sabah"la matçınız var. Fiziki cəhətdən komanda üçün çətin olmayacaq?

- Qış fasiləsinə gedirik. Bütün komandalar yorğundur. Amma mən futbolçularıma inanıram. "Qarabağ"la matçdan 3 gün sonra "Sabah"a qarşı oynamaq çox çətindir. Komandanın bu gün göstərdiyi oyun mənə ümid verir.