Mehdi Hüseynzadə stadionu açılışa hazırlanır: "Son tamamlama işləri görülür" - AÇIQLAMA+FOTOLAR

Mehdi Hüseynzadə stadionu açılışa hazırlanır: "Son tamamlama işləri görülür" - AÇIQLAMA+FOTOLAR

Sumqayıtda yenidən inşa edilmiş Mehdi Hüseynzadə adına stadion təhvil verilmə ərəfəsindədir.

Tikintisinə 2019-cu ildə başlanılmış yeni, müasir arena 60 il əvvəl istifadəyə verilmiş stadionun yerində tikilir.

Arena 12 min azarkeş tutumuna malik olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib, sonuncu dəfə burada 2011-ci ildə kosmetik təmir aparılmışdı. Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Stadionunun açılış tarixi ilə bağlı bir neçə dəfə fərqli məlumatlar paylaşıldığından şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb dəqiqləşdirməyə çalışdıq. Bu barədə mediasport.az saytına açıqlama verən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, işlər son tamamlama mərhələsindədir:

"Açılış tarixi ilə əlaqəli dəqiq bir söz deyə bilmərəm. Ancaq işlər, demək olar ki, yekunlaşıb. Son tamamlama tədbirləri görülür".

Fotolar idman jurnalisti Anar Xanlarova məxsusdur.