"Təəssüf ki, millimiz bizi hələ də sevindirmir" - Elxan Məmmədov
"15 il ərzində Rövnəq Abdullayevlə AFFA-da birlikdə işləmişik. Əvvəllər qarşınızda çıxış edəndə hazırlaşırdım. Ancaq bu dəfə düşündüm ki, hazırlaşmayacağam, ürəyimdən keçənləri deyəcəm".
Mediasport.az xəbər verir ki, bu sözləri FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın növbəti Konfransında deyib.
O, Rövnəq Abdullayevlə birgə çalışdığı üçün böyük fəxr hissi keçirdiyini bildirib:
"Hörmətli Rövnəq müəllim, 15 il ərzində sizin kimi rəhbərlə çalışmaq mənim üçün şərəfdir. Bu müddətdə öz biliyinizi, təcrübənizi əməkdaşlarla bölüşdünüz. Sizinlə işləmək təcrübəsi beynəlxalq karyeramda böyük kömək olur. Əslində sizin futbol fəaliyyətiniz 20 ildir. Çünki 2004-cü ildə "Neftçi"də fəaliyyətə başladınız. 16 il ərzində Azərbaycan futbolu üçün miras yaratdınız".
Məmmədov daha sonra avrokuboklarda uğurlu çıxış edən "Qarabağ"dan söz açıb:
"Futbol ictimaiyyəti "Qarabağ"dan danışır. Əvvəllər Avropa klubları "Qarabağ"la qarşılaşmaq istəyirdilər, ancaq indi püşkatma zamanı bundan çəkinirlər. Avropa klubları "Qarabağ"la qarşılaşmaqdan qorxurlar. Daha əvvəllər "Neftçi" və "Qəbələ" də avrokubokların qruplarında yer alıblar. Təəssüf ki, millimiz bizi hələ də sevindirmir. Ancaq bu inkişaf davam etdikcə, yığmamızın da uğur qazanacağına inanıram".
FİFA nümayəndəsi 6 ildə Bakıda çoxsaylı stadionların istifadə verildiyini deyib:
"2008-ci ildə Bakıda cəmi 2 stadion mövcud idi. Ancaq geridə qalan illərdə çox sayda arenalar inşa olundu. Hazırda da bu meydanların hamısından istifadə olunur. Xarici ölkələrə gedəndə müqayisələr aparıram. AFFA-nın yaratdığı tədris sistemi də çox önəmli idi. UEFA ilə birlikdə məşqçi kursları yaradıldı. Hazırda fəaliyyət göstərən mütəxəssislər həmin sistemdən çıxıblar. İdarəçilik də vacibdir. Bu gün Azərbaycanda futbol menecerləri yetişir. AFFA-nın daxilində, klublarda menecerlər yüksək səviyyədə çalışırlar. Ancaq ən vacibi futbol mütəxəssislərinin yanımızda olmasına ehtiyacımız var. Onların təcrübəsindən yararlanmalıyıq".
O, sonda Peşəkar Futbol Liqasının rəhbərliyinə də təşəkkür edib:
"Təəssüf ki, Elxan Səmədov və Aslan Şahgəldiyev hazırda bizimlə deyillər. İnanıram ki, hər ikisi yaxın gələcəkdə yenidən bizimlə birlikdə olacaqlar. FİFA olaraq bundan sonra da dəstəyimizi davam etdirəcəyik".