"Bizi istəməyən insanların olması normaldır" - Kamal Bayramov
“Komandada hər şey qaydasındadır. Kollektiv və baş məşqçi ilə münasibətim çox yaxşıdır. Mənə qoyduqları hörmətə görə klubdakı hər kəsə minnətdaram!”
Bu sözləri Mediasport.az saytına açıqlamasında “Turan Tovuz”un qapıçısı Kamal Bayramov söyləyib.
İkinci dövrəyə hazırlaşdıqlarını bildirən təcrübəli qolkiper heyətdə zədəli futbolçuların olduğunu vurğulayıb: “Bir neçə futbolçumuz yenidən zədələnib. Bu, üzücü məqamdır. "Araz Naxçıvan"la yoldaşlıq oyunu (2:2) xeyrimizə oldu. Meydana çıxmayan bir neçə futbolçu oyun şansı qazandı. Mübarizə aparmaq üçün onlara imkan verildi. Zədəli futbolçularımız tez sağalsalar, əhvalımız daha da yaxşı olar, inşallah. Adaptasiya dönəmini gec keçirən futbolçularımız var. İnşallah, onlar da qısa zamanda komandaya uyğunlaşacaqlar”.
Bayramov cari mövsüm Premyer Liqanın çətin keçdiyini deyib, ikinci dövrə haqda fikir bildirib: “Çempionat çətin keçir. Komandalar yarışa hələ tam uyğunlaşmayıb. Düşünürəm ki, ikinci dövrə daha da çətin olacaq. Qarşımıza qoyulan hədəflər haqda rəhbərlik öncədən geniş açıqlama vermişdi”.
Qərb klubunun üzvü azarkeşlərin "Turan Tovuz"un baxımsız oyun sərgiləməsilə bağlı səsləndirdiyi iddialarına belə cavab verib: “Azarkeşlərimizi sevirik. Onların fikirlərinə hörmətlə yanaşırıq. Çempionatda 2 hücumçu ilə oynayan yeganə komandayıq. Onların bir az səbirli olmaqlarını istəyirik. Heyətimizdə bir çox dəyişiklik olub. Uyğunlaşmaq bir az vaxt alır. Hər şeyin yaxşı olacağına inanırıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Bizi istəməyən insanların olması normaldır”.
38 yaşlı əlcək sahibi 10-cu turun “Qarabağ”la qarşılaşmasından söz açıb: “Qarabağ"ın heyətində kifayət qədər futbolçu var. Bizə görə heyət fərqi yoxdur. Həmin oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Kamal Bayramov istənilən vaxt komandaya kömək edə biləcəyini də qeyd edib: “Hələ gücüm var, özümü yaxşı hiss edirəm. İstənilən vaxt komandama kömək edə bilərəm. Karyeramı davam etdirəcəm. Hələ əlcəklərimi asmaq fikrim yoxdur”.
Rövşən