Tovuz şəhər stadionunda işıq dirəyinin aşma səbəbi məlum olub

Tovuz şəhər stadionunda işıq dirəyinin aşma səbəbi məlum olub

Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçı (3:1) güclü külək zamanı stadionun işıq dirəklərindən birinin qırılaraq meydana aşması səbəbindən yarımçıq dayandırılmış, görüş ertəsi gün qaldığı yerdən davam etdirilmişdi.

Hadisə idman mətbuatında ciddi müzakirələrə, fikir ayrılıqlarına səbəb olmuşdu. Məsələnin üstündən 1 aydan artıq müddət keçib.

Mediasport.az saytı olaraq Tovuz şəhər stadionunda işıq dirəklərinin hadisədən sonrakı durumu, baş vermə səbəbləri və dirəklərin nə zaman yenilənəcəyi ilə bağlı "Turan Tovuz"a sorğu göndərdik. Qərb təmsilçisinin İnfrastruktur və maliyyə üzrə direktoru Əli Babakişiyev işıq dirəklərinin aşması ilə bağlı mütəxəssislərin verdikləri rəy haqda ümumi fikir bildirib:

"Artıq hadisəyə mütəxəssis rəyi verilib. Rəydə hadisənin baş verməsinə səbəb sırf təbii fəlakət göstərilib. Çünki bizim quraşdırdığımız dirəklər kustar üsulu ilə (ibtidai, primitiv, sistemsiz üsul) düzəldilməmişdi, onların hamısı zavod məhsuludur. Həm də baxış zamanı quraşdırılmada heç bir problem aşkarlanmadı".

Klub rəsmisi daha sonra, "Bütün işıq dirəkləri yenilənəcəkmi?" sualını belə cavablandırıb:

"Planımız işıq dirəklərinin hamısını - dördünü də dəyişməkdir. Amma o demək deyil ki, digər dirəklərdə də problem var. Sadəcə, vizuallıqda problem yaranmasın deyə bu cür qərar qəbul etmişik. Dirəyin biri başqa, digər üçü ayrı olsa, stadionun xarici görünüşü bəyənilməyən forma ala bilər. Çalışırıq ki, qısa müddətdə bu məsələ ilə bağlı işləri yekunlaşdıraq. Təxminən 1 ay ərzində dirəklərin yenilənməsi başa çatdırılacaq".

Rövşən