AFFA "Neftçi" əfsanəsi Samir Ələkbərovun yubileyini qeyd edib
AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun inzibati binasında Azərbaycan milli komandası və “Neftçi”nin veteran futbolçusu, müxtəlif klublarda məşqçi kimi fəaliyyət göstərmiş Samir Ələkbərovla görüşüb.
Mediasport.az xəbər verir ki, federasiya rəsmisi əfsanəvi futbolçunu 55 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, futbolçu karyerasına 1985-ci ildə Bakının "Gənclik" komandasında başlamış Ələkbərov "Qarabağ" (Xankəndi), "Neftçi", "Makkabi" (Petah-Tikva, İsrail), "Kür-Nur" (Mingəçevir) və "Xəzər Universiteti" klublarında forma geyinib.
Sabiq hücumçu 1992/1996-cı illərdə Azərbaycan milli komandasının heyətində 16 oyuna iki qol vurub. Karyerası daha çox "Neftçi" ilə bağlı olmuş Ələkbərov Bakı təmsilçisinin heyətində 251 oyun keçirib, 126 dəfə fərqlənib.