Keçmiş zamanlara qayıdış - Bəs məsuliyyəti kim daşıyacaq?
Şəkil sizi çaşdıra bilər: il 2022, görüntü rəngli olsa da, təxminən 90-ları xatırladır. Azərbaycan çempionatı, bir-birini əvəz edən 2 oyunçu və tablosuz...
Ovaxtlar heç olmasa, futbolçular oyuna girib-çıxanda 4-cü hakimlər oyunçuların nömrələrini əks etdirən kağız lövhələrdən istifadə edirdilər.
2022-ci ildə ölkənin ikinci böyük şəhəri Gəncənin mərkəzi stadionunda isə nəinki elektron lövhə, hər hansı bir müasir avadanlıq var, hətta keçmiş zamanlarda istifadə olunan futbolçuların nömrə göstəricisi - karton lövhə də yoxdur.
AFFA-nın hökumətə yaxşı yarınmaq, "futbolu inkişaf etdiririk" kimi süni görüntü yaratmaq məqsədilə tezbazar Premyer Liqaya çıxardığı "Kəpəz"in stadionu o qədər bərbad, insan həyatı üçün o qədər təhlükəli vəziyyətdədi ki, az qala, "Neftçi" ilə matçın ilk hissəsində bunun canlı şahidi olacaqdıq, öz də milyonların izlədiyi canlı yayımda. Nə yaxşı ki, meydan sahibi futbolçulardan biri ilə oyun epizodunda toqquşandan sonra müvazinətini saxlaya bilməyib meydandan kənara yuvarlanan qonaqların hücumçusu Qodsvey Donyo beton asfaltın üzərinə möhkəm düşmədi. Yoxsa...Allah göstərməsin.
Odu ki, Peşəkar Futbol Liqası (PFL) bir daha ciddi düşünməli, "Kəpəz"in oyunlarını evdə keçirmək istəyinə birmənalı şəkildə "yox" deməlidi. Yoxsa sonra bunun məsuliyyətinin altından çıxa bilməzlər. Sabah-birigün nəsə olsa, AFFA srağagündən yaxasını kənara çəkib günahı yarışa birbaşa cavabdeh qurumun üzərinə atacaq. Onlar belə məsələlərdə çox "mahirdilər".
Söhbət insan həyatından gedirsə, burda məsul qurum yalnız PFL olmayacaq. Onlarla yanaşı, federasiyanın rəhbərliyi, Fövqəladə Hallar nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və.s. aidiyyəti dövlət qurumları, rəhbərləri baş verəcək bədbəxt hadisənin birbaşa cavabdeh tərəfləri olacaqlar.
P.S. PFL-in gördüyü işlər təqdirəlayiqdi, hamımıza məlumdu ki, orada çalışan kadrlar futbolu yaxşı və yaxından bilən insanlardı, Azərbaycan futboluna xidmət edirlər, bacardıqlarını əsirgəmirlər - buna kiminsə sözü yox. Lakin təhlükəsizlik, insan həyatı artıq bir qurumu aşan məsələdi. Çox da ki, FHN o stadionda oyun keçirilməsinə müəyyən şərtlər və məhdudiyyətlər daxilində icazə verib. Fakt faktlığında qalır: Gəncə stadionunda oyun keçirmək çox-çox təhlükəlidi.
mediasport.az