Azərbaycan klubunun əsas sponsoru həbs edildi - FOTO
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Zaqatala" klubunun əsas sponsoru həbs edilib.
Mediasport.az xəbər verir ki, söhbət bir müddət əvvəl Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə klubla sponsorluq müqaviləsi imzalayan "AQA Şirkətlər Qrupu”nun təsisçisi Aydın Dəmirçinin oğlu Qafar Dəmirçidən gedir.
Şirkətin vitse-prezidenti vəzifəsini daşıyan Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunur.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox - təxminən 8 milyon manatdan çox ziyan dəyib.
Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.