Nəbi İsgəndərov "Qızıl kəmər"də mərhələni rahatlıqla keçdi
Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində ilin ilk turnirinə start verilib.
mediasport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov rinqə çıxıb.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının mükafatçısı 1/8 final çərçivəsində Atomani Barufla (Komor adaları) qarşılaşıb. Duel təmsilçimizin inamlı (5:0) qələbəsilə yekunlaşıb.
İdmançımız 1/4 finalda ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə görüşəcək.
Fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. 1/8 final mərhələsi çərçivəsində Tayfur Əliyev (60 kq) Kərim Abdul (Mali), Sərxan Əliyev (71 kq) isə Sarohatua Lumbantobinqlə (İndoneziya) güclünü müəyyənləşdirəcək.