Yunanıstan klubu Əliyar Ağayevin idarəçiliyi haqda BƏYANAT yaydı
Yunanıstanın "Aris" futbol klubu PAOK-la səfər görüşünü idarə etmiş azərbaycanlı FİFA referisi Əliyar Ağayevd və köməkçilərindən şikayətçi olub.
mediasport.az xəbər verir ki, klub 32-ci tur çərçivəsində keçirilmiş Saloniki derbisindən sonra bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, Azərbaycandan olan hakimlər briqadası "Aris"i uduzdurub: “Eyni sözləri deməkdən bezmişik artıq. “Tumba” stadionunda daha bir gözəl “layihə” gördük. 30-cu dəqiqədə referi yüz faizlik penaltimizi və rəqibin müdafiəçisinə qırmızı vərəqəni vermədi. Qəribəsi odur ki, VAR-da oturan həmyerlisi (Kamal Umudlu) də epizod barədə ona heç nə demədi. Bu, açıq-aşkar saxtakarlıqdır. Çünki 30-cu dəqiqədə penalti və qırmızı vərəqə qərarı matçın axarını dəyişəcəkdi”.
Klub hücumçu Abubakar Kamaranın da 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından narazılığını bildirib: “Hakimlər briqadası Kamaraya qırmızı vərəqə göstərməklə PAOK-a kömək etdi. Referi həmin anda oyunçuları sakitləşdirmək əvəzinə onları təhrik etdi. Onlar missiyanı bir daha yerinə yetirdilər”.
"Aris"in 2:3 hesabı ilə məğlub olduğu matçda Əliyar Ağayevi PAOK-un futbolçularına 5 sarı vərəqə verib. Referi “Aris”in qapısına 1 penalti təyin edib, oyunçularına 2 sarı və 1 qırmızı vərəqə göstərib.