"0:3 hesablı məğlubiyyətə görə hansısa səbəb axtarmalı deyilik"

"0:3 hesablı məğlubiyyətə görə hansısa səbəb axtarmalı deyilik"

"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. "Dinamo"nun gücünü bilirdik. Ümumən pis hazırlaşmamışdıq. Sonda böyük riskə getmişdik"

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Dinamo" ilə Xorvatiyada keçirilmiş ilk görüşü haqqında fikirləini bölüşüb.

0:3 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı cavab matçına daha yaxşı hazırlaşacaqlarını bildirib:

"Futbolçularım sona qədər çəkinmədilər, hücumda oynadıq. Bəlkə 3-cü qol artıq oldu. Amma 3:0 hesablı qələbə qazanıblarsa, haqq ediblər. Rəqibi təbrik edirəm. Amma cavab oyunu olacaq. Bir az itkilərimiz var, bizə problem yarada bilər. Cavab matçına yaxşı nəticə üçün sona qədər vuruşan kollektiv hazırlayacağıq. Burada etdiyimiz bəzi səhvləri Bakıda düzəltməyə çalışacağıq".

O, çoxsaylı qol epizodlarının dəyərləndirilməməsini belə izah edib:

"Futbolçuların eyforiyada olmasına inanmıram. Onları oyuna psixoloji olaraq hazırlamışdıq. Həqiqətən xeyli sayda qol epizodlarımız oldu. Rəqibin qapıçısını da nəzərə almaq lazımdır. Çox yaxşı oyun göstərdi. Futbolda belə hallar olur. Buna görə çox narahat deyiləm. Futbolçular bəlkə də Bakıda daha rahat olacaqlar. Bəzi futbolçular ilk dəfə idi Çempionlar Liqasının pley-offunda oynayırdı. Səviyyə qalxdıqca həyəcan çoxalır. Son vuruşlarda bəlkə də həyəcan mane olurdu. Buna görə futbolçularımı qınamıram".

Q.Qurbanov Redon Cica ilə Nəriman Axundzadənin sonadək ehtiyatda qalmasına belə izah verib:

"Bir o qədər də müdaxilə ediləsi səbəb yox idi. Sadəcə bir dəyişiklik etdik. Oyun normal gedirdi. Son 10 dəqiqədə rəqib bizi əks-hücumda tutdu. Oyunun tempi aşağı düşdükcə bu hallar oldu. Bakıda lazım olsa, dəyişikliklər edəcəyik. 0:3 hesablı məğlubiyyətə görə hansısa səbəb axtarmalı deyilik. Düzgün təhlil edib Bakıda çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq".

Xatırladaq ki, Zaqreb təmsilçisi ilə cavab görüşü avqustun 28-də keçiriləcək.