Yuxarıdan "OK" verildi, hərşeyşünas Məmmədov "Neftçi"də vəzifə aldı
3 aya yaxındır qeyri-rəsmi olaraq "Neftçi"də çalışan menecer Kamil Məmmədov arzusuna çatıb.
Paytaxt klubundan əldə etdiyimiz məlumata görə, yeni prezident Fərrux Mahmudovun tövsiyəsi ilə SOCAR rəhbəri Rövşən Nəcəfin də "ok" verdiyi futbol funksioneri "ağ-qaralar"da idman direktoru postunu tutacaq.
Rəsmi təyinatın ən qısa zamanda açıqlanacağı gözlənilir. Adrian Mutunu "Neftçi"yə baş məşqçi gətirən Region Liqası təmsilçisi "Qusar"ın sponsor-prezidenti, minifutbol üzrə son ölkə çempionu "Birbaşa Bakı"nın oynayan rəhbəri bütün diqqətini yeni komandasına ayırıb.
Təsadüfi deyil ki, klub rəhbərliyini, xüsusən yaxın dostu Fərrux Mahmudovu bir an belə, tək buraxmır. Daha çox diqqət çəkmək, özünü işgüzar qələmə vermək üçün Gəncə səfərində məğlubiyyəti rəhbərliyin yanında yox, məhz meydana ən yaxın giriş darvazasının önündə, elektron siqareti tüstülədə-tüstülədə dərin həyəcanla seyr edən Məmmədova "Neftçi"də, belə desək, sərhədsiz səlahiyyət verilib.
Dünənə qədər "Qusar"ı 1-ci Liqaya çıxarmaq üçün gurultulu açıqlamalar verən, bir neçə dəfə AFFA-ya müraciət etdiyini və federasiya rəsmiləri ilə bu istiqamətdə danışıqlar apardığını deyən hərşeyşünas müəllim artıq bölgə təmsilçisinin "ipini buraxıb".
Necə deyərlər, molla aşı gördü, Quran yaddan çıxdı.
Xüsusi bildirək ki, Azərbaycana adətən aşağı səviyyəli legionerləri gətirməklə tanınmış Kamil Məmmədov "Neftçi"nin son transferlərinin birbaşa vasitəçisidir.
Onu da deyək ki, Məmmədovun təyinatı klubda heç də birmənalı qarşılanmayıb.
mediasport.az