"Zirə"yə liqanı ikinci yerdə bitirməyi arzulayıram, biz birinci olacağıq"
"Qarabağ"ın vingeri Hamidu Keyta Azərbaycan Premyer Liqasının 5-ci turunun "Səbail" məğlubiyyətindən (1:2) sonra Mediasport.az saytına müsahibə verib.
Komandanız mövsümdə ikinci dəfə uduzdu, bugünkü məğlubiyyəti necə şərh edə bilərsən?
- Çətin oyun oldu. "Səbail" olduqca yaxşı komandadır. Düşünürdük ki, 3 xal ala bilərdik. Hesabı açdıqdan sonra rəqib geridonüş etməyi bacardı. Avropa Liqasından sonra müəyyən qədər yorğun idik. Növbəti oyunda daha yaxşı performans sərgiləyəcəyik.
Məğlubiyyətə əsas səbəb kimi komandanın Avroliqadan yorğun qayıtması və süni meydançanı göstərmək olar, yoxsa "Səbail" güclü idi?
- Məğlub olmağımızda əsas səbəb meydança deyil. Bir az da yorğunluq var idi, lakin mübarizə apardıq. Bu görüşü uduzsaq da, növbəti matçlara daha yaxşı hazırlaşacağıq.
Avropa liqasının qrup mərhələsindəki rəqibləriniz haqqında nə deyə bilərsən?
- Rəqiblərimiz çox yaxşıdır, baxımlı futbol oynayırlar. Hazırda Premyer Liqaya köklənmək daha önəmlidir, çünki çempionata yaxşı başlamamışıq. İndiki vəziyyətə əsasə prioritet olaraq Premyer Liqanı Avropa Liqasından daha üstün hesab edirik.
"Qarabağ" bu mövsüm Premyer Liqada 5 tura 2 dəfə məğlub olub. Ötən illərdə belə hal 1-2 dəfə yalnız mövsüm ərzində qeydə alınıdı. İndiki çempionat çətindir, yoxsa...?
- Futbolda belə hallar olur. Hər dəfə qalib gələ bilmərik. "Qarabağ"ın hazırda adaptasiyaya ehtiyacı olan bir neçə oyunçusu var. Bəzən qalib ola, bəzən də uduza bilərik.
"Qarabağ"ın heyətində ilk qolunu vurdun, bunun ardı gələcək?
- Əlbəttə, hər oyunda qol vura, məhsuldar ötürmələr verərək komandama kömək etməyə hazıram. Bu, mənim işimdir. Çalışacam daha yaxşısını edim.
"Zirə"də çıxış edən Hamidu Keytanı burada görə bilmirik. Oyun üslubun bu kluba uyğun deyil, yoxsa "Qarabağ"da əsas heyətə düşmək uğrunda rəqabət çətindir?
- Xeyr, siz "Qarabağ"ın heyətində "Zirə"dəkindən daha yaxşı Keyta görəcəksiz. Sadəcə, vaxta ehtiyacım var. "Qarabağ"da heyətə düşmək üçün kluba adaptasiya olmalıyam. Mən səbrliyəm və inanıram ki, daha yaxşısını bacaracam.
Sabiq komandan Premyer Liqanın lideridir. Bu haqda nə deyə bilərsən?
- Oonlar çempionata çox yaxşı başlayıblar. Amma sonluq daha vacibdir. "Zirə"yə çempionatı ikinci yerdə bitirməyi arzulayıram. Biz birinci olacağıq.