Peşəkar Futbol Liqası liqaların əsasnamələrində dəyişikliklər etdi
Futbol üzrə Azərbaycanın 1 və 2-ci liqalarının əsasnamələrində dəyişikliklər edilib.
Mediasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov bu gün keçirilən püşkatmada detalları açıqlayıb.
Beləliklə, aşağı liqalarda mövsümün yekununda sonuncu yeri tutacaq komanda hər bir halda yarışı tərk edəcək.
Hər hansı klubun liqadan çıxması və ya çıxarılmasının sonuncu yerin sahibinin taleyinə təsiri olmayacaq.
Liqalarda oynamaq üçün təşkil olunan pley-off mərhələsi 1 matçdan ibarət olacaq və neytral meydanda keçiriləcək.
Ötən mövsüm bu raundda iki görüş baş tutub.
2-ci Liqada futbolçu sayı da azaldılıb. Hər komanda ötən mövsümdəki kimi 40 deyil, 35 oyunçu sifariş edə biləcək.
Bu dəstənin klublarının məşqçilər korpusundakı bütün çalışdırıcıların lisenziyasının olması şərt kimi qoyulub.
Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 11-də, 2-ci Liqada isə sentyabrın 1-də start götürəcək.