"Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir" - Kamal Bayramov

"Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir" - Kamal Bayramov

"Çalışırıq ki, nələrsə edək. Düzdür, məğlub oluruq. Lakin bu mübarizədən qopmamalıyıq".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Şamaxı"nın qapıçısı Kamal Bayramov deyib.

Təcrübəli qolkiper komandanın ümumi durumundan, futbolçuların baş məşqçi ilə münasibətindən söz açıb:

"Yeni formalaşdırılan komandada bir az çətinliklər olur. Legioner futbolçular da canla-başla çalışırlar. Bəziləri komandaya uyğunlaşıblar. Hər yerdə olduğu kimi, bizdə də bununla bağlı kiçik problemlər olur. Baş məşqçi Ayxan Abbasovla münasibətlər qaydasındadır. Birlikdə çətin yola çıxmışıq. Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir. Məşqçilər bu istiqamətdə bizə dəstək olurlar".

Bayramov birinci dövrəni kifayət qədər uğurlu keçirən "Şamaxı"nın son turlarda ardıcıl məğlubiyyətlərinin səbəblərini açıqlayıb:

"İlk dövrəni kifayət qədər yaxşı başa vurduq. Sonradan zədələnən, cəzalı duruma düşən futbolçularımız oldu. Premyer Liqa üçün çox məhdud sayda futbolçulara sahib heyətimiz var. Bu amillər çıxışımıza təsirsiz ötüşmür. Yenə də əlimizdən gələni edirik, çalışırıq. Mübarizədən qopmayacağıq. Cari mövsüm hələ meydana çıxmamağıma gəldikdə, Rikardo Fernandes uğurlu oyunlar keçirir. Qapıçı mövqeyi hər an dəyişən yer olaraq tanınmır. Əlbəttə, mən də ona dəstək oluram. Ehtiyac olarsa, oynayacağam".

39 yaşlı əlcək sahibi Azərbaycan çempionatında 2024/2025 mövsümünün çox ağır və gərgin keçdiyini söyləyib.

"1-ci Liqa ilə Premyer Liqa arasında böyük fərq var. Elitada məqsədlər, hədəflər həmişə istədiyin kimi ola bilməz. Çox ağır və gərgin mövsüm keçir. Ən azından 6 klub yerlər üçün oynayır. Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır. Mövsüm başlamadan öncə rəhbərlik tərəfindən ictimaiyyətə bu haqda məlumat verilib".

Rövşən ƏLİSOY