"1/8 finala yüksəldikdən sonra daha fərqli münasibət gördük"
“Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər. Ardıcıl ikinci dəfə püşkatmada iştirak edirəm. 1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarbaağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Ağdam təmsilçisinin rəhbəri İsveçrənin Nyon şəhərində keçirilən Avropa Liqası 1/8 final mərhələsinin püşkatması barədə fikirlərini bölüşərkən tədbirdə fərqli qarşılandıqlarını vurğulayıb:
"Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı.
İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi. Biz “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdik. Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır.
“Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan çempionu 1/8 finalda Almaniyanın "Bayer" klubu ilə qarşılaşacaq. Komandamız ilk görüşü martın 7-də Bakıda keçirəcək. Cavab qarşılaşması martın 14-də Almaniyada baş tutacaq.