"Qarabağ"ın yeni transferi: "İstəklərimi gerçəkləşdirmək üçün buradayam"
"Qarabağ"ın yeni transferi Juninyo klubun yutub kanalına müsahibə verib.
MediaSport.az xəbər verir ki, braziliyalı futbolçu Ağdam klubundan gələn dəvəti düşünmədən qəbul etdiyini deyib.
27 yaşlı hücumçu Azərbaycan klubunun təklifinin ailəsi üçün da maraqlı olduğunu bildirib:
"Üç ildir eyni komandada ("Çaveş") çıxış edirdim. Orada da hər şey ürəyimcə idi, özümü rahat hiss edirdim. Daha sonra "Qarabağ"dan təklif gəldi və bu, mənim diqqətimi çəkdi. Hətta ailəm üçün də maraqlı oldu. Ona görə qərar verməkdə tərəddüd etmədim və təklifi düşünmədən qəbul etdim".
Braziliyalı futbolçu bildirib ki, uyğunlaşma prosesi çox rahat və yaxşı keçir: "Komandada braziliyalı futbolçuların olması bu prosesi asanlaşdırır və sürətləndirir. Yoldaşlarım, məşqçilər heyəti və digər işçilər mənə çox yaxşı münasibət göstərirlər. Adaptasiya gözlədiyimdən də yaxşıdır".
İlk dəfə Çempionlar Liqasında iştirak edəcək 27 yaşlı vingerin sözlərinə görə, "köhlən atlılar" onun uşaqlıq arzusunu həyata keçirəcək: "Çalışacağam ki, həmin oyunlar üçün mümkün qədər hazır olum. Komanda, məşqçilər heyəti və azarkeşlərin məndən gözləntisi çoxdur. Oyunların başlamasını gözləyirəm. O ki qaldı hədəflərimə, həm klubun, həm də mənim qarşıma qoyulan müəyyən məqsədlər var. Məhz bu istəklərimi gerçəkləşdirmək üçün buradayam. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
Juninyo Azərbaycan futbolu barədə məlumatsız olduğunu söyləsə də, Ağdam klubunu yaxşı tanıdığını vurğulayıb: "Kadi Borgeslə çoxdan tanışam, mənim qonşum olub. Ailələrimiz arasında da yaxşı münasibət var. Kadi "Qarabağ"a keçəndə onun adına çox sevindim və bu komandanı izləməyə başladım. Daha sonra digər tanışım Julio Romao da buraya gəldi. Fikirləşirdim ki, bir gün belə təklif gələrsə, niyə də dəyərləndirməyim. Bu imkan yarandı, mən də sevə-sevə razılaşdım. Deyim ki, Juninyo klub, komanda yoldaşları və azarkeşlər üçün hər zaman əlindən gələni edəcək".