Dünya və Avropa çempionumuz məktəblilərlə görüşüb - FOTOLAR
Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionlarımızı tanıyaq" layihəsinə start verilib.
Nazirlikdən Mediasport.az saytına verilən məlumata görə, Sabunçu Gənclər Evində keçirilən layihənin ilk qonağı yunan-Roma güləşi üzrə 2 qat dünya, 3 qat Avropa çempionu, olimpiadanın bürünc mükafatçısı Rafiq Hüseynov olub.
Tanınmış pəhləvan əldə etdiyi nailiyyətlər və üzləşdiyi çətinliklərlə bağlı iştirakçıları məlumatlandırıb. O, uğur qazanmaq üçün zəhmətin, fədakarlığın və nizam-intizamın vacibliyini vurğulayaraq, gəncləri öz arzularından, məqsədlərindən heç vaxt əl çəkməməyə çağırıb.
Çempion idmançı sağlam həyat tərzi seçməyin, fiziki və mental sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün ən mühüm addım olduğunu qeyd edib.
R.Hüseynov 150-dən çox yeniyetmə və gəncin iştirak etdiyi görüşdə verilən sualları ətraflı cavablandırıb.
Qeyd edək ki, layihənin məqsədi gəncləri Azərbaycan idmanının çempionları ilə tanış etmək və onları öz məqsədlərini həyata keçirməyə ruhlandırmaqdır. Bu görüşlər vasitəsilə gənclər uğurlu idmançıların təcrübələrini öyrənmək və öz həyatlarında uğur qazanmağın yolları ilə bağlı dəyərli məsləhətlər almaq imkanı əldə edirlər.
“Çempionlarımızı tanıyaq” layihəsi bundan sonra da digər uğurlu idmançıları öz hekayələrini bölüşməyə dəvət edəcək və gəncləri öz potensiallarını reallaşdırmaq üçün ruhlandıracaq.