25-ci Azərbaycan çempionatının qalibi Şirvanda müəyyənləşdi
Həvəskar futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca XXV Azərbaycan birinciliyinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksinin stadionunda əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib.
Şirvanın “Şirvan OİK” komandası Bakı təmsilçisi “Dirçəliş”i 3:2 hesabı ilə məğlub edərək, bürünc mükafata yiyələnib.
Ardından Mingəçevirin “Ulduz” və Ağcabədinin “Olimpiya” kollektivləri finalda üz-üzə gəliblər. 2:2 hesabı ilə başa çatan matçda qalib penaltilər seriyası ilə müəyyənləşib. Bu zərbələri daha dəqiq yerinə yetirən “Olimpiya” (4:2) Həvəskarlar Liqasının 2023-2024-cü il mövsümünün qalibi olub.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, birinciliyin qalibinə isə kubok təqdim olunub. Bundan başqa, I, II və III yerin sahibi olan komandalar müvafiq olaraq 5000, 3000 və 2000 manat mükafat alıblar.
Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katib Füzuli Nəcəfov və futbol veteranı Asif Əliyev təqdim ediblər.
Qeyd edək ki, həvəskar futbolçulardan ibarət komandalar arasında Azərbaycan Kubokunun final oyunu avqustun 11-də Ağcabədi Olimpiya İdman Kompleksində keçiriləcək.