"Belə vəziyyətdə oyunun axşam keçirilməsi böyük risk olar"
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 14-cü turunun "Səbail" - "Kəpəz" oyununun vaxtı geri çəkilib.
Qarşılaşma əvvəldən təyin edildiyi kimi, 18:30-da yox, 14:00-da başlanacaq.
Buna Bayılda yerləşən “ASCO Arena”nın elektrik təchizatında problem yaranması səbəb olub.
Mətbuatda isə fərqli məlumat yayılıb. Sportinfo.az saytının məlumatına görə, AFFA balansında olan stadionun 50 min xərc tələb edən problemini aradan qaldırmaqdan imtina edib.
Qeyd olunub ki, ”Səbail” tərəfi əsas sponsoru - ”Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbərliyi ilə məsləhətləşmədən sonra təmirə vəsait ayırmağı öz üzərinə götürməyib. Klub rəhbərliyi federasiyaya büdcə azlığını bəhanə edib.
Yayılan xəbəri təkzib edən "Səbail"in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Mediasport.az saytına açıqlamasına diqqət kəsilək:
"Bu məsələ ilə bağlı AFFA ilə “Səbail” komandası arasında heç bir problem yoxdur. Məlum texniki nasazlığın aradan qaldırılması istiqamətində stadion AFFA-nın balansında olduğu üçün federasiya tərəfindən müvafiq addımlar atılır. Ümumiyyətlə, federasiya təmir prosesi və hər hansı bir maliyyə məsələsi ilə bağlı bizə müraciət etməyib. Müraciət edəcəyi halda klubumuz istənilən köməkliyi göstərməyə hazırdır".
Federasiyanın mətbuat katibi Elnur Məmmədlini dinləyək:
"ASCO Arena"nın elektrik təhcizatında problemlərin yaranması barədə artıq rəsmi məlumat verilib. Bu səbəbdən də "Səbail" - "Kəpəz" oyunu saat 14-00-da start götürəcək. Stadionun transformatorunda problem yaranıb. Generatorla işqılandırmada çətinlik yaranmayacağına təminat vermək çətindir. Belə vəziyyətdə oyunun axşam saatlarında keçirilməsi böyük risk olar. Oyun zamanı ortaya ciddi problemlər çıxa bilərdi. Generator məsələsi müzakirə edildi, lakin rəsk etmək olmaz. Generator ehtiyat variantdır. "Azərişığ"a müraciət olunub və onlar transformatorları aparıb yoxladıqdan sonra yekun rəy bildirəcəklər. "Səbail" klubu ilə bu istiqamətdə işgüzar danışıqlarımız davam edir və heç bir fikir ayrılığı yoxdur".
Görüş sabah keçiriləcək.