Elmar Baxşıyev Səlahət Ağayevin kobud səhvi haqda: "Vurmayanda qapında belə qollar görəcəksən"
"Qəbələ" Premyer Liqanın 14-cü turu çərçivəsində səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzdu.
mediasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev görüş barədə təəssüratlarını bölüşüb, jurnalistləri maraqlandıran suallara cavab verib:
- Oyunun ağır keçəcəyini bilirdik. “Neftçi” iddialı və heyətində yaxşı futbolçular olan komandadır. Uduzsaq da, istədiyim dinamikanı gördüm. İstədiyim komanda budur. Bu tempdə davam etsək, daha da yaxşı olacağıq.
Omar Hani qol epizodlarını boşa verdi. Belə legionerlərdənsə yerli gənclərə şans vermək daha doğru olmaz?
- Komandanı yerli, əcnəbiyə bölmürük. İndiki durumda hansı futbolçu daha çox xeyir verirsə, ona da güvənirik. Tək Omar Hanini qeyd etdiz. Oyuna baxanda görərik ki, Felipe Santosun, Murad Musayevin, Rafael Utziqin də epizodları oldu. Komanda Omar Haniyə görə uduzmayıb. Çoxsaylı epizodlara girdik. Sadəcə olaraq, dəyərləndirə bimədik. Biz də hiss edirik ki, son nöqtəni qoya bilmirik. Daha çox çalışıb bu nüansları aradan qaldıracağıq.
Ruan Renatonun oyununda geriləmə hiss olunur, bunun səbəbi nədir?
- Futbol səhvlər üzərində qurulub. Qol buraxırıqsa, təkcə Ruanın günahı yoxdur. Onun ümumi durumu qaydasındadır. Keçən il uğurlu seriyalar olduğundan Ruanın oyunu daha yaxşı görünürdü. Mənim ən çox güvəndiyim futbolçudur, ona inanıram.
Buraxdığınız ikinci qolda peşəkar qapıçı elə səhv etməzdi. Sizin fikriniz necədir?
- Səlahətin səviyyəsi hamıya məlumdur. Bir səhvə görə futbolçunu qınamaq, kəsib-atmaq düzgün deyil. Səlahət yaxşı qapıçıdır, komandanın liderlərindən biridir. Ümumi komandanın səhvidir ki, epizodlardan yararlana bilmirik. Vurmayanda qapında belə qollar görəcəksən.
Oyun keyfiyyətinin aşağı düşməsinin səbəbi nədir?
- Oyun keyfiyyəti deyəndə bilmirəm, nəyi nəzərdə tutursuz. Bəlkə də 7-8 epizod yaratmışıq. Futbolçular komanda olaraq istədiyimi verirlər. İstəyim odur ki, daha çox hücumda olaq, epizodlar yaradaq. Komanda bunu edir. Sadəcə, epizodları dəyərləndirməkdə axsamalar var.
Ağır dövr yaşayan "Sumqayıt" və "Səbail"lə oyunlarınız var. Komandaya motivasiya vermək çətin olmayacaq?
- Çempionatın hər oyunu ağırdır. “Qarabağ”, “Neftçi” və “Zirə”yə qarşı fərqli oynadığımızı deyirsizsə, belə deyil. Hər matça maksimum köklənmək lazımdır.