Bakı eyni gündə 3 avrokubok oyununa ev sahibliyi edəcək - UEFA açıqladı

Bakı eyni gündə 3 avrokubok oyununa ev sahibliyi edəcək - UEFA açıqladı

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk oyunlarının vaxtı və təyinatları açıqlanıb.

mediasport.az xəbər verir ki, hər iki komanda avqustun 10-da rəqibini öz meydanında qəbul edəcək. Beləcə, Bakı 1 gündə 3 avrokubok oyununa ev sahibliyi etmiş olacaq.

“Sabah”ın Serbiya klubu “Partizan”la “Bank Respublika Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Ona həmyerliləri Levan Varamişvili və Zaza Pipia kömək göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauri olacaq.

“Neftçi” Türkiyə təmsilçisi “Beşiktaş”ı saat 21:00-da 8-ci km stadionunda qəbul edəcək. Bu oyuna İsveçrədən olan hakimlər briqadası təyinat alıb. Lukas Fandrix baş, Conas Erni və Guillaume Mayre köməkçi hakim olacaqlar. Ehtiyat referi funksiyasını Lionel Tsçudi yerinə yetirəcək. Maraqlıdır ki, Lukas Fandrix bir həftə əvvəl “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”a Polşada 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanı idarə edib.

“Neftçi”nin “Beşiktaş”la səfər görüşünün vaxtı da müəyyənləşib. Avqustun 17-də İstanbulda baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, avqustun 10-da Bakıda "Qarabağ" da Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.