"Razı qaldım, bəxtimiz gətirdi ki, 95 dəqiqə oynanıldı, 85 dəqiqə olsaydı..."
"Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım. Çalışdıq ki, oyunu idarə edən tərəf biz olaq"
MediaSport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində Bosniya və Herseqovinada keçirilmiş "Jelezniçar"la qarşılaşmadan (2:2) sonra görüş haqda fikirlərini bildirib.
Mutu rəqibin tamamilə müdafiəyə qapandığını vurğulayıb: "Birinci hissədə rahat oynadıq, İkinci hissədə futbolçulara tapşırıq verdim ki, öz üslubumuzda oynayaq, tələsməyək, topa nəzarət edək. Futbol ədalətli olduğu üçün sonda bizi belə bir qolla mükafatlandırdı. Atmosferə görə təşəkkür edirəm. Eynisini biz də Bakıda təşkil edəcəyik".
O, "Hansı məqamda "Neftçi" "Jelezniçardan" daha üstün idi?" sualına belə cavab verib: "Mən baş məşqçiyəm, siz jurnalist. Hərənin öz düşüncəsi var. "Jelezniçar"ın standart vəziyyətlərdə və əks-hücumlarda yaxşı olduğunu bilirdik. Bunun qarşısını ala bildik. Demək olar ki, sona qədər topa daha çox nəzarət edən biz idik. Bu, futboldur, qolun nə vaxt vurulduğunun fərqi yoxdur. Bu gün bəxtimiz gətirdi ki, oyun 95 dəqiqə oynanıldı. 85 dəqiqə oynanılsaydı, "Jelezniçar" qalib gələcəkdi. Onu da qeyd edim ki, "Jelezniçar" da əvvəlki oyunda sonlarda fərqlənmişdi. Futbola hərənin bir baxışı var. Fikrimcə, oyuna nəzarət edən tərəf biz idik. Başqa cür düşünürsüzsə, buna hörmətlə yanaşıram"