"Qarabağ" futbolçusuna, "Neftçi" azarkeşlərinə görə cərimələnib
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqa klubları və futbolçuların kubok görüşlərində yol verdikləri xətalara görə cəzaları açıqlanıb.
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda "Sabah"a 3:4 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı aldığı üçün 1-i şərti olmaqla 2 oyunluq cəzaya məruz qalıb.
"Köhlən atlar" 1500 manat cərimə ödəyəcəklər.
Kubokun heç-heçə başa çatan "Neftçi" - "Sumqayıt" oyununda "ağ-qaralar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün paytaxt təmsilçisi 1500 manat, 6 oyunçusu sarı vərəqə aldığına görə isə 700 manat cərimələnib.
"Gənclik şəhəri" təmsilçisi də 700 manat cərimədən qaça bilməyib - 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün.
"Araz-Naxçıvan" da "Qəbələ" ilə səfər qarşılaşmasında sarı vərəqə alan 4 futbolçusuna görə 700 manat ziyana düşüb.