Boqomolskinin "Zirə"yə keçidinin alınmamasının TƏFƏRRÜATLARI

 Boqomolskinin "Zirə"yə keçidinin alınmamasının TƏFƏRRÜATLARI

İlyarımdır "Neftçi"də çıxış edən Yeqor Boqomolskinin "Zirə"yə yollanmaq üzrə olduğu barədə bir müddət əvvəl məlumat vermişdik.

Baş məşqçi Rəşad Sadıqovun bəyəndiyi 24 yaşlı forvard mövsümün qalan hissəsini qəsəbə təmsilçisində keçirəcəkdi.

Hətta forvard "qartallar"la şəxsi razılığa da gəlmişdi. Anlaşma baş tutsaydı, zirəlilər yayda birdəfəlik transferə imza atacaqdılar. Təbii ki, Yeqorun özünü doğruldacağı qarşılığında.

Bu keçidin baş tutması ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Sən demə, belaruslunun Zirə klubuna keçidini son anda "ağ-qaralar"ın yeni baş məşqçisi Miodraq Bojoviç təxirə saldırıb.

Monteneqrolu mütəxəssisin hücumçuya "Səni iş başında görməmişəm, hələ tələsmə. Antalya toplanışında sənə şans verəcəm, oyunlarına baxım, yoxlayım, sona qərar verərik" deməsi vəziyyəti 180 dərəcə dəyişib.

Türkiyə toplanışında keçirilən yoxlama matçlarında Boqomolskinin performansını gözdən keçirən Bojoviç onun potensiallı olduğu qənaətinə gələrək komandada qalmasını istəyib, futbolçu da razılaşıb.

Qeyd edək ki, "Neftçi" 2022-ci ilin yayında onunla 3 illik müqavilə bağlayıb.

Mediasport.az