"Əminəm ki, "Qəbələ" aşağı liqaya düşməyəcək, belə olmayacaq"
“Qəbələ"nin futbolçusu Əyyub Allaş Premyer Liqanın 15-ci turunun "Qarabağ"la görüşündən sonra Mediasport.az saytının suallarını cavablandırıb.
- Oyunumuz pis deyildi. "Qarabağ" güclü komandadır. Biz də əlimizdən gələni etdik. İki qol şansım oldu, heç birində top qapıdan keçmədi. Həmin epizodlar qolla nəticələnsəydi, bəlkə başqa cür ola bilərdi. Bu oyundan pozitivliyi özümüzdə saxlamağa çalışıb "Kəpəz"lə oyuna hazırlaşacağıq.
"Qəbələ"nin stabil xəttə düşməsi nə çatmır?
- Stabillik barədə nəsə deyə bilmərəm. Çünki hər tur başqa rəqib olur. Keçən tur başqa rəqib idi, indi "Qarabağ". Növbəti oyunlara yüksək-əhvalda hazırlaşmaq lazımdır.
Təcrübəli futbolçusan, səncə, komandanızın qeyri-sabit çıxışlarının səbəbi nədir?
- Açığı, səbəbi bilmirəm. Ona görə suala cavab verə bilməyəcəm. Mən özüm üzərimdə həftə ərzində çalışıram, oyunlara hazırlaşıram, meydana çıxıb bacardığımı edirəm.
Sən özün mövsümə yaxşı başlamışdın, qollar vururdun. Amma artıq neçə turdur ki, kölgəyə çəkilmisən.
- Yenə də çalışacam ki, qollar vurum. Bu matçda əlimə düşən fürsətlərdən istifadə edə bilmədim. Dayanmayacam, qollar vurmaq üçün əlimdən gələni edəcəm.
Faktiki vəziyyət "Qəbələ"ni 1-ci Liqaya aparır. Komandanı aşağı divizionda necə təsəvvür edirsən?
- Yaxşı sualdır. Amma mən əminəm ki, belə nəticə olmayacaq. "Qəbələ" aşağı liqaya düşməyəcək.