Yeni "Turan Tovuz" - Fərqli iddia

Yeni "Turan Tovuz" - Fərqli iddia

Yeni mövsümə tam yeni formada start verən "Turan Tovuz"un iddiası getdikcə artır və ciddiləşir.

Premyer Liqada geridə qalan 6 turdan sonra məğlubiyyət almayan yeganə kollektiv bunu büdcə və imkanlarına görə özündən azı 2 dəfə üstün rəqiblərinə konkret boy göstərməklə isbat etməkdədir.

Səfərdə "Neftçi"yə uduzmayan və son illərin dəyişməz çempionu "Qarabağ"a qalib gələn Qurban Berdıyevin komandası son turadək heç bir görüşdə hesabda geri düşməmişdi.

Berdıyevə xas inamlı və nizamlı müdafiə xəttilə diqqət çəkən qərb təmsilçisinin qol buraxdıqdan sonra hansı performansı sərgiləyəcəyi maraqla gözlənilirdi.

Bəli, an yetişdi və tovuzlular "Sabah"la səfər qarşılaşmasında 2 dəfə hesabda geri düşdülər. Ancaq 2 qol buraxmasına baxmayaraq, əvəzini çıxması, sonadək qələbə üçün oynaması və Masazır təmsilçisini xüsusən son dəqiqələrdə qapısına doğru sıxması bir daha təsdiq edir ki, "Turan Tovuz"un mövsüm üçün iddiası kifayət qədər ciddidir.

Hakimlərin kobud səhvi (!) ucbatından son saniyələrdə qələbə qolunun sayılmaması biabırçılıq idi, öz yerində.

Heyətin yetərli olmadığına, gözlənilməz zədələrə rəğmən, baxımlı futbol nümayiş etdirən bölgə klubunun bu gün turnir cədvəlinin zirvəsində yer alması təsadüfi deyil.

Doğrudur, uzun marafonda qərblilərin "Qarabağ"la sonadək mübarizə aparacaq gücdə olmadığı, hətta heyət və imkanlar baxımından "Sabah"dan, "Neftçi"dən çox geri qaldığı göz önündədir.

Söz yox, bu gün "Neftçi" halına dəsmal götürüb ağlayan axtarır.

Qurban Berdıyevin dediyi kimi, nizam-intizam bu formada qorunsa, kim bilir, bəlkə mövsümün sonunda hər kəsin təəccüblənəcəyi hadisələr yaşanacaq.

Mediasport.az