Almaniya millisinin sabiq üzvü Azərbaycanda akademiya açacaq

Almaniya millisinin sabiq üzvü Azərbaycanda akademiya açacaq

Azərbaycanda səfərdə olan keçmiş futbolçu Məsut Özil ölkəmizdə futbol akademiyası açır.

Mediasport.az xəbər verir ki, Almaniya milli komandasının sabiq üzvünün Bakıya səfəri bununla bağlıdır.

Akademiyada 6-10 yaş arası uşaqlar futbol və digər idman növləri ilə məşğul olacaqlar.

36 yaşlı keçmiş yarımmüdafiəçi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çox danışmağı sevmirəm. Çox şadam ki, buradayam. Türkiyədə "Məsut Özil İdman Akademiyası" açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Azarkeşlər məni sevindirdi. Dəstəyə görə təşəkkürlər. Çox qürurlandım".

Azərbaycanda klub almaq istəyirsiz? 

- Belə fikrim yoxdur. Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirmək, onların Arda Güler kimi Avropada böyük klublarda oynamalarıdır. Hər şeyi Allah bilər. 

"Qarabağ" - "Arsenal" matçını necə xatırlayırsız? 

- Yadımdadır. Tam xatırlamıram. Atmosfer də əla idi. Hər zaman burada məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Daha əvvəl də Azərbaycana gəlmişdim. 

Əvvəllər də ulduz futbolçular akademiya açmışdı, amma daha sonra bağlandı. Eyni aqibətin olmaması üçün nə edəcəksiz? 

- Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika hər şeyi göstərir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır. Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik. 

Azərbaycanda "Qarabağ"la işləyəcəksiz?

- Bu, müstəqil layihədir. İstanbulda, daha sonra Azərbaycanda olacaq. Tək Bakıda yox, Azərbaycanda. 

"Qarabağ" azarkeşlərinin sizə sevgisi var? "Qarabağ"ı izləyirsiz? 

- Əlbəttə, izləyirəm. "Qarabağ"a qarşı da oynamışam. Onlara qalib gəldik, edəcək bir şey yoxdur (gülür). 

Azarkeşlər istəyir ki, "Qarabağ" sizi transfer etsin... 

- Futbolu buraxmışam.