Avarçəkənlərimizdən ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnurində birinci gün geridə qalıb.
Mediasport.az xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
1 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.
2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb.
1 nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yer tutub.
Qeyd edək ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaq.