"Neftçi" əvvəlki nəticələrini yenidən qazanacaq" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunun "Neftçi" ilə matçından sonra (4:0) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Hamını salamlayıram. Suverenlik Günü ilə bağlı xalqımızı təbrik edirəm. Əlamətdar gündür. Oyuna gəldikdə isə, çox vacib qələbə qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. "Neftçi"nin çox ciddi hazırlaşdığı görünürdü. İlk hissənin sonuna yaxın hücum edən tərəf onlar idi. Riskə getdilər. Futbolçular xeyli çətinlik çəkdi. Azarkeşlərə təşəkkür edirəm. Rəqibə və baş məşqçilərinə uğurlar arzulayıram".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Neftçi" ilə oyunda "Tottenhem"lə qarşılaşmada etməyi planlaşdırdığınız məqamlar gerçəkləşdi?
- Bu, çox az alındı. Əslində, elə oyunun gedişatına görə bu cür oldu. Sonlara yaxın dəyişikliklər etdik.
Azərbaycan derbisində qazanılan qələbə İngiltərə təmsilçisi ilə oyunda futbolçulara əlavə motivasiya verə bilər?
- Futbolçulara əlavə motivasiya veriləcək. Əlbəttə, templər eyni olmur. Rəqib sürətli oynamağımıza məcbur edir. Avrokubok oyunlarını Premyer Liqanın (Azərbaycan çempionatı) matçları ilə müqayisə etmək olmaz. Futbolçular özlərini həmişə daha rahat hiss etmək istəyirlər. Rəqibin tempinə hazır olmalıyıq.
Ağdamda "İmarət" stadionunun təməli qoyuldu. Bəziləri düşünür ki, stadionun tutumu azdır...
- Maraqlandım. Fotolara baxdım. Layihə haqda öncədən məlumatlı idim. Tutumda dəyişiklik edilib, məncə. Sırf futbol stadionudur. Avrokubok oyunları üçün daha böyük olsaydı, yaxşı olardı. Bu da pis deyil. Sevindim. Gələcək üçün daha yaxşı işlər görüləcək. Orada aktiv iş rejimi aparılacaq.
5-ci qolu vurmağınız üçün vaxt çatmadı?
- "Neftçi"yə uğurlar arzulayıram. Hamımız "Neftçi" azarkeşi olmuşuq. Mən orada həm oynamışam, həm də baş məşqçi kimi çalışmışam. İndiki nəticələri heç kim üçün xoş deyil. Səbrli olmaq lazımdır. Hamının işində belə nəticələr olar. "Qarabağ"ın çempion olacağı belə sığortalanmayıb. Heç bir komandaya uğursuzluq arzulamaram. Hamısı bizim öz komandamızdır. Azarkeşləri də bizim ölkənin azarkeşləridir. Məncə, səbrlə gözləmək lazımdır. Belə olanda düşünürəm ki, hər şərdə bir xeyir var. "Neftçi" əvvəlki nəticələrini yenidən qazanacaq.
Bildiyiniz kimi, Qara Qarayev "Neftçi"dən ayrılıb. Onun "Qarabağ"a dönmək ehtimalı var?
- Düzü, bu gün komanda olaraq belə fikrimiz yoxdur. Qaranın çempionatda iştirak etməməsi məni üzür. O, təcrübəli futbolçu, ağıllı insandır.
"Qarabağ"dan ayrılandan sonra onunla əlaqə saxlamısınız?
- Belə hallarda çox dərinliyə getmirəm. Futbolçunun yaşı elə həddədir ki, işini necə quracağını özü bilir. Görüşəndə tövsiyə edirəm ki, darıxmayın. İntizamını qoruyub saxlamasını, məşqlərdə ən yaxşılardan biri olmasını məsləhət görürəm. Futbolçularda belə hallar olur. Qara güclü xarakteri olan biridir. Oynamadığı halda da, bizim komandada ən yaxşılardan olub. Konkret ona nəsə deməklə bağlı danışığımız olmayıb. Bircə onu bilirəm ki, Qara həmişə özünü günahlandırır. Bu, peşəkarlığın göstəricisidir. Qaranın kiminsə haqda neqativ fikir bildirməsini eşitməmişəm.