Avropa Liqası başa çatdı - "Qarabağ"ın 3 üzvü diqqət çəkir
Futbol üzrə UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünə yekun vuruldu.
Mediasport.az xəbər verir ki, "Atalanta" həlledici matçda cari mövsüm yarışın qrup və 1/8 final mərhələlərində "Qarabağ"a rəqib olmuş "Bayer"ə 3 cavabsız qolla qalib gələrək tarixində ilk dəfə kuboku başı üzərinə qaldırdı.
Leverkuzen təmsilçisinin ilk məğlubiyyətinin qeydə alındığı cari yarışın yekun statistik göstəricilərində Azərbaycan çempionu və futbolçuları da yer alıb.
Qurban Qurbanovun komandasından qapıçı Andrey Lunyov ümumilikdə 44 qurtarışla turnirin ikincisi olub.
"Köhlən atlar"ın hücumçusu Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür. "Sambaçı" qapıya dəqiq zərbələrdə isə 11 vuruşla 5-7-ci sıraları paylaşır.
Ağdamlıların digər braziliyalısı - Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. O, yarış ərzində 28 dəfə nəticə əldə edib.
Ölkə çempionu ən çox qırmızı vərəqə alan komandalar arasında liderdir - 3 dəfə.
"Qarabağ" ən çox qol vuran kollektivlərin sıralamasında 8-cidir. Təmsilçimiz 17 dəfə fərqlənib.