"Qəbələ"nin Amerika şirkəti ilə anlaşmasının ƏSL SƏBƏBİ
Məlum olduğu kimi, ölkəmizi futbol üzrə UEFA Konfrans Liqasında təmsil edəcək "Qəbələ" bugünlərdə "Capelli Sport" kompaniyası ilə yeni əməkdaşlıq müqaviləsi imzalayacaq.
ABŞ-ın məşhur idman malları brendi yeni mövsümdən "qırmızı-qaralar”ın geyim tərəfdaşı olacaq.
Bölgə təmsilçisi indiyədək İspaniya şirkəti "Joma" ilə əməkdaşlıq edirdi.
Bəs "Qəbələ"nin geyim firmasını dəyişməsinin səbəbi nədir? MediaSport.az saytının əldə etdiyi informasiyaya görə, klub amerikalılarla təkcə geyim dəstlərinin münasib qiymətə olmasına görə razılaşmayıb.
Əsas səbəb budur ki, uşaq futboluna ciddi yanaşan "Capelli Sport" şirkətinin özünün bir neçə ölkədə futbol akademiyası var və kompaniya uzun illərdir bu istiqamətdə müxtəlif beynəlxalq turnirlər keçirməklə yanaşı, istedadlı uşaqların məşhur klubların akademiyalarına göndərilməsi ilə də məşğul olur. Üstəlik, forma və geyim dəsti ilə təmin edilən klubların şəxsi istəkləri, formalar üzərində görmək istədikləri dizayn tətbiq edilir. Təsadüfi deyil ki, "Qəbələ" də 2023/2024-cü illər üçün geyim dəstinin dizaynını özü verib.
Komandanın yeni formalarının üzərində bölgənin dağları təsvir olunub, bu, eyni zamanda ekologiyanın qorunması mesajı - sosial layihə kimi də başa düşülə bilər.
Şirkət klubun əsas və akademiyasını qeyd etdiyimiz özəl formalarla təchiz edəcək.