Avropa Liqası və Konfrans Liqasının finalları Türkiyədə olacaq
Türkiyə UEFA-nın nüfuzlu klub yarışları - Avropa Liqası və Konfrans Liqasının finallarına ev sahibliyi edəcək.
Mediasport.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.
Beləliklə, Avropa Liqasının 2026-cı il finalı, Konfrans Liqasının isə 2027-ci il finalı Türkiyədə keçiriləcək.
İstanbulun ev sahibliyi edəcəyi həlledici görüşlərdən Avroliqa finalının "Tüpraş" stadionunda baş tutacağı açıqlanıb. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə hələlik müəyyənləşdirilməyib.
Xatırladaq ki, İstanbul 2019-cu ildə UEFA Super Kubokunun final qarşılaşmasını qəbul edib. Oyun "Beşiktaş"ın ev stadionu "Tüpraş" stadionunda reallaşıb.
Yeri gəlmişkən, 2025/26-cı illər mövsümündə UEFA Çempionlar Liqasının finalı 67 min 889 tamaşaçı tutumuna malik Macarıstanın "Puşkaş Arena" stadionunda, 2027-ci ildə Avropa Liqasının finalı isə Almaniyanın Frankfurt şəhərində təşkil ediləcək.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bumövsümkü finalları London (İngiltərə), Dublin (İrlandiya) və Pireydə (Yunanıstan), 2024/25 mövsümündə isə Münhen (Almaniya), Bilbao (İspaniya) və Vrotslavda (Polşa) baş tutacaq.