"AZAL Arena" Premyer Liqa klubunun ixtiyarına verilib
Vaxtilə AZAL futbol klubunun ev oyunlarını keçirdiyi "AZAL Arena"nın yeni sahibi müəyyənləşib.
Mediasport.az saytına verilən məlumata görə, Azərbaycan Beynəlxalq Hava Yollarının balansında olan stadion "Sabah"ın ixtiyarına verilib.
Masazır təmsilçisi burada aşağı yaş qrupları üzrə komandalarını məskunlaşdıracaq. Akademiyanı Şüvəlana köçürəcək "bayquşlar" arenanı uzunmüddətli icarəyə götürüb.
Komandalarının bir qismi Masazırda, qalan yarısı da "ASK Arena"da məşq edən "Sabah"ın "AZAL Arena" üçün ödəniş etmədiyi bildirilir.
Klub infrastrukturun ideal vəziyyətə gətirilməsi və saxlanması, o cümlədən digər xərclər üçün zəruri olan bütün tədbirləri üzərinə götürüb.
Qeyd edək ki, Masazır qəsəbəsində yerləşən və iş adamı Məhərrəm Həsənova məxsus əsas və bir neçə yardımçı stadion da uzunmüddətli icarə ilə "Sabah"ın sərəncamındadır.
"Hacı Məhərrəm" kimi tanınan biznesmen ötən il baza və infrastrukturu kluba təmənnasız icarəyə verib.