QƏLƏBƏ ŞƏRHİ: "Bakıdakı oyunda həddindən artıq ciddi olacağıq"
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Sloveniyada "Olimpiya"ya 2:0 hesabı ilə qalib gəlib.
mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin sualların cavablandırıb, qarşılaşma haqqında fikirlərini bildirib.
Təcrübəli mütəxəssis deyib ki, səfərdən əldə olunan üstünlükdən sonra qətiyyən arxayınlaşmayacaqlar:
"Futbolçularımızı təbrik edirəm. Ümumən çox yaxşı oyun keçdi. Hər iki komanda topla davranmağı xoşlayırdı. Hər iki tərəfin maraqlı, düşünülmüş hücumları oldu. Bu, hələ ilk oyundur. Rəqibə bu oyundan əvvəl necə ciddi yanaşmışdıqsa, bundan sonra daha ciddi yanaşmalıyıq. Çünki bu komandanın potensialı böyükdür, istənilən an təhlükəli vəziyyət yaradırdılar. Bugünkü matç bizi arxayınlaşdırmalı deyil. Bakıdakı oyunda həddindən artıq ciddi olacağıq. Qarşıdakı 90 dəqiqədə xeyli güc sərf etməli olacağıq".
Qurban Qurbanov "Rəqibi əsasən hansı komponentlərdə üstələdiz" sualına belə cavab verib: "Bunu burda açıqlamaq bəlkə düzgün olmaz. Sadəcə, oyunun əvvəlində bir qədər düşündüyümüz pressinqi edə bilmədik. Get-gedə oyunu daha çox rəqib zonasında qura bildik. Onların zonasında pressinqimiz yaxşı alınmağa başladı. Rəqibi qapımıza yaxın buraxdıqda, gördüz ki, həmin an təhlükə yarada bilirdilər. Ona görə maksimum diqqətli olmağa çalışdıq. Bəlkə də ən vacib üstünlüyümüz bu oldu".
Ağdam klubunun çalışdırıcısı əsasən ilk qolun "Qarabağ"a xarakterik olmayan tərzdə vurulmasına da toxunub: "Bütün komponentlər üzərində ümumən hazırlaşırıq. Həm standart vəziyyətlərdə, həm də oyun quruculuğunda və.s. Bu gün, bəli, bəlkə də daha uğurlu oldu. Yəni, deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Sadəcə, bu gün daha çox standart vəziyyətlərə üstünlük verdik. Uğurlu ötürmə və uğurlu qol alındı".
Komandalar arasında cavab görüşü avqustun 31-də Bakıda keçiriləcək.
Elvin