Azarkeşlərə üz tutan Mutu: "İşi 90 dəqiqədə həll etmək istəyirik"
“Yeni transferlərin bəzilərini qeydiyyata sala bilməmişik. İlk “11-liy”i məmnunluqla deyərdim. Məqsədimiz növbəti mərhələyə adlamaqdır".
mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı keçirəcəkləri oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.
44 yaşlı çalışdırıcı deyib ki, rəqibin necə oynayacağını müəyyənləşdiriblər: "Əzmkar komanda olduqlarını bilirik. Bizi ağır matç gözləyir, bunu dərk edirik. Burada fəaliyyətimə mərhələ adlamaqla başlamaq istəyirəm. İnanıram ki, fanatlar sabah tribunaları dolduracaqlar. Onlara söz verə bilərəm ki, uğur qazanmaq üçün hər oyunda 200 faiz gücümüzü göstərəcəyik”.
O, “Jelezniçar”ın baş məşqçisinin Sarayevodakı görüşdə aqressiv davranmasına da münasibət bildirib: “Məşqçilər arasında strategiya mübarizəsi gedir. Hər biri komandasının qələbəsi üçün çalışır. Rəqib həmkarımın ilk matçdakı hərəkətlərini özümə qarşı edilmiş kimi saymıram. Məni yalnız komandamın çıxışı maraqlandırır. Rəqibin baş məşqçisinin çılğın olması mənim problemim deyil”.
Mutu azarkeşlərin yaradacağı ab-havanın komandaya həm mənfi, həm də müsbət təsir göstərə biləcəyini düşünür: “Oyuna yaxşı başlasaq, azarkeşlərin yaradacağı ab-hava bizə müsbət təsir edə bilər. Əks təqdirdə, matç istədiyimiz kimi keçməsə, bu atmosfer oyunçularımıza mənfi təsir göstərə bilər. Əsas məqsədimiz azarkeşləri tribunalara cəlb etməkdir. Bunu da oyunumuz və nəticələrimizlə qazanmaq istəyirik”.
Mütəxəssis yeni transferlərdən razılığını ifadə edib: “Ancaq bunu rəqibin məşqçiləri də görə bilərlər. Buna görə də, açıqlamağım doğru olmaz. Mənim üçün ilk “11-lik” və ehtiyat qüvvə anlayışı yoxdur. Heyəti futbolçuların həftəboyu göstərdikləri performansa görə müəyyənləşdiririk. Hər bir oyunçu şans qazanacaq. Yeni transferlərin isə hamısından razıyam. Onlar mənim istəyimlə komandaya cəlb olunublar. Komandaya qoşulan və bundan sonra qoşulacaq oyunçuların bizə böyük köməyinin dəyəcəyinə inanıram”.
Onun sözlərinə görə, komandası fiziki cəhətdən hətta 120 dəqiqə də mübarizə aparmaq gücündədir. “Əlbəttə ki, işi 90 dəqiqədə həll etmək istəyirik. Təlim-məşq toplanışını mən keçməsəm də, fiziki durumu səbəb kimi göstərmək istəmirəm. Komandam fiziki cəhətdən hazırdır. Yoxlama görüşləri ilə müqayisədə indi daha yaxşı vəziyyətdəyik. Gündən-günə daha yaxşı olacağıq”.
Baş məşqçi Bakı barədə də heyranlıqla danışıb: “Bakı çox gözəl şəhərdir. İnsanlar mənimlə çox yaxşı davranırlar. Yeməklər isə dadlıdır”.
Adrian Mutu hücumçu Saldanyanın Serbiya klubu “Partizan”a keçidini də dəyərləndirib: “Saldanya uyğun olmayan vaxtda komandanı tərk etdi. Ancaq ürəyi bizimlə döyünməyən oyunçunu burada saxlamağın bir mənası yox idi”.
Qeyd edək ki, avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək.