Azərbaycan futbolunun birdəfəlik XİLASI, TƏK ÇIXIŞ YOLU! - PLAN
Axarıncı - dünənki rüsvayçı İsveç məğlubiyyətindən sonra Azərbaycan futbolu üçün xilas yolu axtarmağa ehtiyac yoxdu.
Qurtuluşumuzun tək və yeganə çarəsi budu - bu bəlaya birbaşa dövlət rəhbərliyi səviyyəsində əncam çəkilməlidi! Dövlətin federasiyaya birbaşa müdaxilə imkanları olmasa belə, ikinci bir çıxış yolu yoxdu.
YEGANƏ XİLAS PLANI
1.AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nı "idarə edən əsas qüvvə" Elxan Məmmədov (özü burda olmasa da, qəlbi bizimlədi), onun əsas kadrı - baş katib Sərxan Hacıyev, vitse-prezidentlər - Elşad Nəsirov, Vaqif Sadıxov və Rauf Əliyev, HK sədri Barış Şimşək, illərdi əlindən yaltaqlıqdan başqa bir şey gəlməyən, əvəzində havayı yerə dövlətdən pul-maşın-ev alan saxta futbol veteranları - İsgəndər Cavadov, Kazbek Tuayev, Oqtay Abdullayev və həmfikirləri, ümumən, futbola məsul olan və millətin pullarını havaya sovuran bütün rəhbər şəxsləri saniyə düşünmədən istefaya göndərmək;
2.Federasiyanı birbaşa hökumət rəhbərliyinin ciddi nəzarəti (təbii ki, UEFA və FİFA-nın tələbləri çərçivəsində) altında tamamilə peşəkar futbol adamlarına həvalə etmək;
3.Konkret olaraq futbolun inkişafına dair minimum 7 ili əhatə edəcək müasir standartlı sistem-plan (2005/2015-ci illərdəki kimi milyonları boş-boşuna dağıdan geydirmə inkişaf planı yox);
4.Ən azı 5 il vaxt vermək şərtilə Qurban Qurbanov, Tərlan Əhmədov, Ayxan Abbasov kimi mütəxəssisləri, həqiqətən potensialı olan digər yerli gənc məşqçiləri bir amal-bir ideya-bir yumruq ətrafında birləşdirmək (onların baş məşqçi olması vacib deyil, köməkçi, seleksiyaçı və.s. də işləyə bilərlər);
5.U-17, U-19, U-21 və əsas yığma komandaya hazırda dəvət olunan, soxuşdurulan, tapşırılan yerli-milliləşdirilmiş futbolçuları birmənalı şəkildə qovmaq və heyətləri tamamilə istedadlı, uğurlu gələcək vəd edən perspektivli azərbaycanlı gənclərdən formalaşdırmaq;
6.Premyer Liqamızda yeriyə-yeriyə aya 10-15 min qazanan azərbaycanlı futbolçuları həqiqətən legioner həyatı yaşamağa məcbur etmək;
7.Bakıda maksimum 2 klub saxlamaqla, futbolu tamamilə bölgələrə yaymaq və gücü uşaq futboluna vermək;
P.S.Bu plan nöqtə-vergülünə qədər bütün müddəalara uyğun qaydada həyata keçirilsə, 5 ildən sonra futbolumuzda birmənalı şəkildə inkişafın şahidi ola bilərik. Əks halda son nəfəsimizə qədər eləcə zarıya-zarıya, söyə-söyə, deyinə-deyinə qalacağıq...
mediasport.az