ÖZƏL! SOCAR bu rayonda yeni stadionu yaya qədər təhvil verəcək
2004-cü ildə sökülərək yerində yeni idman kompleksinin tikintisinə start verilmiş, lakin inşası naməlum səbəblərdən başa çatdırılmamış Şirvan şəhər stadionu ağ günə çıxmağa yaxındır.
Bu barədə mediasport.az saytına maraqlı informasiya daxil olub.
Əldə etdiyimiz məlumata görə, illərdir mövzudan kənar qaçan SOCAR rəhbərliyi tikintisi 14 ildir yarımçıq dayandırılan idman qurğusunun hazır vəziyyətə gətirilməsini öhdəliyinə götürüb. Neft şirkətinin rəsmiləri bu məqsədlə AFFA nümayəndələri ilə birlikdə adıçəkilən bölgəyə yollanaraq Şirvandan olan Millət Vəkili İltizam Yusifov və şəhər İcra hakimiyyətinin rəsmilərinin iştirakı ilə arenanın son vəziyyətilə yerində tanış olublar.
Stadionun inşasının başa çatdırılmasına qərar verilib. Tikintinin tamamlanmasına 2023-cü ilin yanvarında başlanılacaq. SOCAR, ilkin plana əsasən, 3 min azarkeş tutumuna malik olacaq arenanı və kompleksin nəzdindəki digər idman qurğularındakı işləri yaya qədər yekunlaşdıraraq təhvil verəcək.
Vurğulayaq ki, Dövlət Neft Şirkəti 2008-ci ilə qədər tikintiyə nəzarət etsə də, Şirvanın ovaxtkı İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla yerli iş adamı, "Qarasu" Əməliyyat Şirkətinin podratçısı Faiq Fətiyevin arasında yaranmış maliyyə probleminə görə qurğunun inşaat işlərini yarımçıq saxlayıb.
Stadionla bağlı daha bir EKSKLÜZİV xəbəri də yaxın müddətdə oxucuların diqqətinə çatdıracağıq. Bizi izləməkdə davam edin...